AZ

Fransada Makrona qarşı kütləvi etirazlar: 200 nəfər saxlanılıb...

“Bloquons tout” (“Hər şeyi bloklayaq”) şüarı altında keçirilən etirazlar fonunda ölkə iflic olub, hökumət 80 min polis qüvvəsini səfərbər edib...

Poliqon xəbər verir ki, Fransada prezident Emmanuel Makrona qarşı genişmiqyaslı etiraz aksiyaları baş qaldırıb. “Bloquons tout” (“Hər şeyi bloklayaq”) şüarı altında keçirilən nümayişlər ölkənin bir çox şəhərlərini iflic vəziyyətinə salıb. Hakimiyyət kütləvi iğtişaşların qarşısını almaq üçün 80 min polis əməkdaşını səfərbər edib, aksiyalarda isə 100 minədək insanın iştirakı gözlənilir.

Səhər saatlarından etibarən Parisdə ilk toqquşmalar qeydə alınıb. Aksiyaçılar paytaxtı əhatə edən dairəvi avtomobil yolunu bağlamağa cəhd ediblər, şəhərin mərkəzində isə avtobus deposuna hücum ediblər. Polis müdaxiləsi nəticəsində azı 200 nəfər saxlanılıb.

Daxili işlər naziri vəzifəsini tərk etməyə hazırlaşan Brünо Retayo ictimaiyyətə müraciət edərək, gərginliyin artmaması üçün çağırış edib. O, aksiyaların “zorakılıqla məhdudlaşa biləcəyini” qeyd edib və etiraz hərəkatının “ultrasolçular tərəfindən ələ keçirilməsini” pisləyib.

Kütləvi yürüşlər və qarşıdurmalar təkcə Parislə məhdudlaşmayıb. Strasburq, Marsel, Tuluz, Lion, Monpelye, Ren və Ruanda da minlərlə insan küçələrə çıxaraq hökumətə etiraz edib.

Etirazların əsas səbəbi Fransanın son aylarda izlədiyi iqtisadi siyasətdir. Emmanuel Makron hökuməti ölkəni sərt qənaət tədbirlərinə yönəltmək istəyirdi. Bu çərçivədə iki rəsmi bayram gününün ləğvi də müzakirə olunmuşdu. Lakin parlamentdə çoxluğa malik olmayan hakimiyyət ciddi siyasi böhranla üzləşdi və baş nazir Fransua Bayrunun kabineti etimadsızlıq səsverməsi nəticəsində istefaya göndərildi.

Fransada yaranmış yeni siyasi gərginliyin fonunda küçə etirazlarının davamlı xarakter alacağı ehtimal edilir.

Poliqon.info

Seçilən
81
poliqon.info

1Mənbələr