Tural İsmayılov: “Prezidentin vurğusu əslində beynəlxalq ədalətin bərqərar olması üçün çağırışdır”
Azərbaycan Prezidenti İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində qeyd edib ki, Qlobal Cənub ölkələri yeni ədalətli dünya nizamının formalaşdırılmasında yaxından iştirak etməlidirlər.
Prezidentin müraciətində qeyd edilir: “Qlobal Cənub ölkələri yeni ədalətli dünya nizamının formalaşdırılmasında yaxından iştirak etməli və bu işə öz töhfələrini verməlidirlər. Bu xüsusda, BMT-də müvafiq islahatların aparılması, Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri sırasında Qlobal Cənub ölkələrinin təmsil olunmasının təmin edilməsi çox vacibdir. TŞ artıq günümüzün reallıqları ilə uzlaşmayan təsisata çevrilib".
Prezident Əliyev bildirib ki, BMT-də müvafiq islahatların aparılması, Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri sırasında Qlobal Cənub ölkələrinin təmsil olunmasının təmin edilməsi çox vacibdir.
“Qlobal Cənubun Təhlükəsizlik Şurasında təmsil olunması beynəlxalq münasibətlərdə daha çox balans və çoxtərəflilik yaradacaq”
Məsələ ilə bağlı politoloq Tural İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, Prezidentin BMT Təhlükəsizlik Şurasının islahatı ilə bağlı vurğuladığı məqam beynəlxalq münasibətlərdə çox mühüm bir istiqamətə işarə edir: “Hazırkı quruluşda Təhlükəsizlik Şurasının daimi üzvləri əsasən Qərb və onun müttəfiqlərindən ibarətdir. Bu isə dünya siyasətində tarazlığın pozulmasına, inkişaf etməkdə olan dövlətlərin maraqlarının nəzərə alınmamasına səbəb olur. Qlobal Cənub adlanan region - Asiya, Afrika və Latın Amerikası ölkələri bu gün dünya əhalisinin böyük bir hissəsini təşkil edir. Lakin onların beynəlxalq təhlükəsizlik məsələlərində söz haqqı çox məhdud çərçivədədir. Prezidentin vurğusu, əslində beynəlxalq ədalətin bərqərar olması üçün çağırışdır”.
T.İsmayılovun fikrincə, çünki BMT yalnız bir neçə dövlətin maraqlarını qoruyan platformaya çevrilərsə, təşkilatın legitimliyi sual altına düşə bilər. “Qlobal Cənubun Təhlükəsizlik Şurasında təmsil olunması beynəlxalq münasibətlərdə daha çox balans və çoxtərəflilik yaradacaq. Bu yanaşma həm də beynəlxalq hüququn bərabərlik prinsipinə tam uyğundur. Eyni zamanda, kiçik dövlətlərin və inkişaf etməkdə olan ölkələrin təhlükəsizlik maraqları daha çox müdafiə olunacaq. Hazırkı vəziyyətdə BMT-nin qərarlarının birtərəfli maraqlara xidmət etməsi çoxsaylı tənqidlərə səbəb olur. Bu isə təşkilata inamı zəiflədir. Prezidentin təklifi həm də Azərbaycanın balanslı xarici siyasətinin göstəricisidir. Bakı özünü yalnız regional deyil, qlobal müzakirələrin də fəal iştirakçısı kimi təqdim edir. Bu yanaşma gələcəkdə Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıracaq. Beləliklə, BMT-də islahat və Qlobal Cənubun söz haqqının genişlənməsi çağdaş beynəlxalq nizamın labüd tələbinə çevrilib”.
T.İsmayılov vurğuladı ki, Azərbaycanın bu məsələdəki mövqeyi isə qlobal ədalət ideyasına sadiqliyinin bariz nümunəsidir.
İradə SARIYEVA