Tbilisi, 10 sentyabr, AZƏRTAC
Bu il avqustun 8-də Amerika Birləşmiş Ştatları, Azərbaycan və Ermənistan liderləri Ağ Evdə çox mühüm saziş imzalayıblar. Bu saziş Ermənistan və Azərbaycan arasında münasibətlərin bərpası perspektivi ilə 35 illik münaqişəyə son qoyacaq, ABŞ isə “Tramp dəhlizi” adlandırılan Zəngəzur dəhlizini inkişaf etdirəcək. Ermənistan və Azərbaycan ABŞ-ın vasitəçiliyi ilə ikitərəfli sülh sazişini paraflayıb, bundan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürəcəklərini bəyan ediblər. Son vaxtlar ictimaiyyət bu çox mühüm faktla bağlı çoxlu fikirlər eşidir. Bəzi gürcü qondarma politoloqlar Gürcüstan hökumətini tənqid edir, bu ölkənin xəritədən silindiyini, tam təcrid vəziyyətinə düşdüyünü və s. iddia edirlər. Bu cür fikirlərin heç bir əsası yoxdur.
Bu fikirləri Gürcüstan parlamentinin sabiq deputatı Dimitri Lortkipanidze Zəngəzur dəhlizinin açılması ilə bağlı Gürcüstan cəmiyyətində yaranan fərqli fikirləri AZƏRTAC-a şərh edərkən bildirib.
O deyib: "Bu faktı panika olmadan dəyərləndirməliyik. Bu gün dünya nizamının formalaşması dövrüdür. Bu nizamın formalaşmasında əvvəllər fəal iştirak etməyən ölkələrə indi həmin proseslərdə iştirak etmək imkanı verilir. Bu proseslər Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatlarından sonra başlayıb. Mən Çini Avropa ilə birləşdirən Cənub Dəhlizinin formalaşması ilə bağlı geoiqtisadi və geosiyasi prosesi nəzərdə tuturam. Çin Cənub Dəhlizindən postsovet Asiya ölkələrini, eləcə də Transxəzər meqaiqtisadi layihə olan Orta Dəhlizdə fəal iştirakçı olan Gürcüstan da daxil olmaqla, bir tərəfdən Avropa, digər tərəfdən isə Çin olan Transqafqaz ölkələrini birləşdirmək üçün istifadə edir".
Sabiq deputat vurğulayıb ki, bu il iyulun 1-də Rusiya Xarici İşlər Nazirliyinin 4-cü Departamentinin rəhbəri Masyuk bəyan edib ki, ölkəsi razılıq versə, Gürcüstan Şimal-Cənub strateji dəhlizinin iştirakçısı kimi nəzərdən keçiriləcək. Həmçinin qeyd olunub ki, vizaların ləğvi və uçuşların bərpası kimi bu fakt da Gürcüstan-Rusiya münasibətlərinin yenidən qurulması istiqamətində irəliyə doğru daha bir addım olacaq:”Bu, səs-küylü bəyanat və Gürcüstan üçün, xüsusən də ərazilərin qaytarılması üçün yeni fürsət idi. Hörmüz boğazı, Fars körfəzi ölkələri və Hindistanı birləşdirən Şimal-Cənub dəhlizinə Gürcüstanın daxil edilməsi çox vacibdir. Azərbaycan öz geosiyasi seçimini etdi. Bu seçim onun üzvi maraqlarına əsaslanırdı. Gürcüstanın da marağı var və hətta Rusiyanın təklifi ilə razılaşmaq istəyə bilər. Bu barədə ucadan danışmırlar, amma gec-tez mütləq bu barədə düşünəcəklər. Gürcüstan Abxaziya istiqamətində dəmir yolu açmaq və Mərkəzi Qafqazda əsas dəmir yolu dəhlizi ideyasını bərpa etmək barədə düşünməli olacaq. Bildiyiniz kimi, bu layihəyə start verilib. Bir ölkənin belə perspektivi olanda bu, ciddi dividenddir, Gürcüstanın ərazi bütövlüyünün bərpasının siyasi qiyməti budur”.
Dimitri Lordkipanidze hesab edir ki, ABŞ Zəngəzur dəhlizinin inkişafında vasitəçidir. Bu yolun kəsişmə nöqtəsinə çevrilməsi mümkündür. Yəni dəhlizin şərqdən qərbə yollar açması, eyni zamanda, şimaldan cənuba artıq nəzərdə tutulmuş, Ermənistan üçün vacib olan marşruta da yol açması mümkündür.
Sabiq deputata, həmçinin deyib: “Unutmayaq ki, xarici oyunçular Rusiya, İran, Türkiyə, yerli oyunçular isə Gürcüstan, Azərbaycan, Ermənistan olan “3+3” formatına start verilib. Gürcüstan indiyədək “3+3” formatına qoşulmayan yeganə ölkədir və Zəngəzur layihəsi Gürcüstanın “3+3” formatında iştirak zərurətini xeyli aktivləşdirə bilər. Beləliklə, Rusiya, Gürcüstan, Ermənistan, İran və Hindistandan keçməklə, Mərkəzi Asiya-Cənub dəhlizində 7 min 200 kilometrlik iqtisadi fəaliyyət həyata keçirəcək. Zəngəzur dəhlizi “3+3” formatının həyata keçirilməsini sürətləndirə və regionumuzu xeyli aktivləşdirə bilər”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi