Fikrət Yusifov: “Pakistanın Ermənistanla diplomatik əlaqələr qurmaq qərarının Aİİ ilə heç bir əlaqəsi yoxdur”
Rusiyanın TASS agentliyi məlumat yayıb ki, Pakistan Avrasiya İqtisadi İttifaqına üzv olmaqdan ötrü Ermənistanla diplomatik münasibətlər qurur:
“İrəvan və İslamabad avqust ayında diplomatik əlaqələrin qurulmasına dair kommünike imzalayıblar. Pakistan Ermənistanı BMT-nin üzvü kimi tanımaq niyyətindədir və bunun müqabilində Aİİ-yə qoşulması üçün İrəvan “yaşıl işıq” yandırır. Pakistan həqiqətən bunu etməyi və qarşılıqlı addım kimi - Aİİ-yə qoşulma məsələsində konsensus əldə etməyi planlaşdırır. Digər diplomatik mənbə qeyd edib ki, müvafiq prosedurlar bir neçə həftədən bir neçə aya qədər çəkə bilər. O, bunu gözlənilən perspektiv adlandırıb və əlavə edib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bu məsələdə heç bir maneə yaratmayıb”.
Pakistanın Aİİ-yə üzv olmaq istəyi nə dərəcədə real görünə bilər? Bəli, Pakistan bir sıra Aİİ ölkələri ilə, məsələn Belarusla çox yaxın münasibətlərə malikdir. Ancaq Pakistan coğrafi olaraq Aİİ üzvü olan ölkələrlə həmsərhəd deyil, ortaq bazarı yoxdur və s. O baxımdan bu informasiya nə dərəcədə real ola bilər?
“Rusiyanın yaratdığı hər hansı bir birliyin heç bir perspektivi ola bilməz”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən sabiq maliyyə naziri, professor Fikrət Yusifov hesab edir ki, Pakistanın Aİİ-yə qoşulmaq istəməsi real görünmür. Professor bunu belə əsaslandırdı: “Pakistan hazırda Avrasiya İqtisadi İttifaqına qoşulmaq niyyətində deyil. Pakistan İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi müxtəlif regional təşkilatların üzvüdür. O cümlədən, sözügedən qurumlarda fəal iştirak edir. Pakistanın Ermənistanla münasibətləri nizama salmasının kökündə isə tamamilə başqa reallıqlar dayanır. Pakistan nəyə görə 30 ildən çoxdur Ermənistanı bir dövlət kimi tanımaqdan imtina edirdi? Çünki Ermənistan ona qardaş olan Azərbaycanın torpaqlarını işğal etmişdi. Artıq bu işğal başa çatıb və Azərbaycan ərazi bütövlüyünü təmin edib. İndi Ermənistan yerləşdiyi regiondabaş verən sağlam geosiyasi proseslərin tərəfdarlarından biri kimi çıxış edir və dünya birliyi onun bu gedişlərini görür. Pakistanın Ermənistanla diplomatik əlaqələr qurmağa razılıq verməsinin kökündə bu reallıqlar dayanır. Rusiyanın yaratdığı hər hansı bir birliyin heç bir perspektivi ola bilməz. Əgər olsaydı, Azərbaycan da çoxdan bu birliyə üzv olmağa çalışardı. Ona görə bir daha bildirirəm ki, Pakistanın Ermənistanla diplomatik əlaqələr qurmaq qərarının Aİİ ilə heç bir əlaqəsi yoxdur”.
Vidadi ORDAHALLI