AZ

İğdırda həlak olmuş 13 polis əməkdaşının xatirəsi anılıb

Türkiyənin Azərbaycanla həmsərhəd olan İğdır vilayətində on il əvvəl PKK terrorçuları tərəfindən qətlə yetirilən 13 polis əməkdaşının anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, anım mərasimində şərq vilayətinin yüksəkvəzifəli şəxsləri, Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev, şəhid olmuş qəhrəmanların yaxınları və doğmaları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları qarşısında çıxış edən İğdır valisi Ercan Turan Şərqi Anadolu torpaqlarının dəfələrlə faciəli hadisələrə səhnə olduğunu qeyd edib.

Vali deyib: “Türkiyəyə yaxın ərazidə yerləşən bir ölkə (Ermənistan - red.) ulu babalarımızı qətlə yetirdi. İrəvan xanlığının torpaqlarında yaşayan çoxlu müsəlman Anadoluya qaçmağa məcbur oldu, bəziləri isə öldürüldü”.

O, İğdır ərazisində baş verən faciəli hadisələr silsiləsinin davam etməsindən təəssüfləndiyini bildirib. “On il əvvəl biz bir daha itkinin acısı ilə üzləşdik”, -deyə Turan qeyd edib.

Mərasim iştirakçıları 2015-ci ilin sentyabrında İğdırda xidməti avtomobilin partlaması nəticəsində həlak olan şəhidlərin – hüquq-mühafizə orqanlarının əməkdaşlarının ruhuna dualar oxuyublar.

Seçilən
6
1
yeniazerbaycan.com

2Mənbələr