ABŞ prezidenti Donald Tramp 23 yaşlı ukraynalı qaçqın İrina Zarutskanın qətli ilə bağlı sərt açıqlama verib.
Turkustan.az xəbər verir ki, prezident, qatilin yalnız ölüm cəzasına layiq olduğunu bildirib və ədalətin tezliklə təmin olunmasını tələb edib.
Tramp bu barədə çərşənbə günü özünün "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
"Ukraynadan sülh və təhlükəsizlik axtarışı ilə Amerikaya gələn gözəl və gənc bir qızı bu qədər vəhşicəsinə öldürən bu 'heyvan', dərhal – və şübhəsiz ki – mühakimə olunmalı və yalnız ölüm cəzası almalıdır," – deyə, Prezident Tramp qeyd edib.
O əlavə edib ki, bu məsələdə başqa seçim yoxdur.
Qeyd edək ki, avqust ayının sonunda ABŞ-ın Şarlott şəhərində baş vermiş hadisə zamanı 23 yaşlı ukraynalı qaçqın İrina Zarutska qatarda səyahət edərkən 34 yaşlı DeKarlos Braun tərəfindən bıçaqla hücuma məruz qalıb və aldığı xəsarətlər nəticəsində həyatını itirib. Hadisə ABŞ cəmiyyətində və mediada geniş rezonans doğurub.
Tramp bu faciəyə artıq bir neçə dəfə reaksiya verərək, hüquq-mühafizə orqanlarını məsuliyyətli davranmağa və cinayətkarı ən ağır şəkildə cəzalandırmağa çağırıb.
Aytən Yaşar/ Turkustan.az