Həyat yoldaşı vəfat edən şəxs ehsan vermək əvəzinə kəndin yoluna asfalt çəkdirib.
Xezerxeber.az-ın məlumatına görə, belə bir diqqətçəkən və nümunəvi hal Abşeron rayonunun Fatmayı kəndində baş verib. Kənd sakini, 68 yaşlı Şasif Allahverdiyev dünyasını dəyişmiş həyat yoldaşı Firəngiz Allahverdiyeva üçün təmtəraqlı ehsan verməkdənsə, yol çəkdirməyi seçib. Dediyinə görə, bu təşəbbüs qızlarından gəlib.
Onun bu addımı kənd sakinləri tərəfindən həm mərhumun xatirəsinə ehtiram, həm də cəmiyyət üçün faydalı bir iş kimi dəyərləndirilib.
Qeyd edək ki, Fatmayı kəndində artıq 3 ildir ənənəvi ehsan mərasimləri ləğv olunub. Allahverdiyevlər ailəsi də mərasim əvəzinə kənd sakinlərinin rahatlığı üçün faydalı iş görməyi qərara alıb.
Ailənin 4 qız övladı da ataları ilə birlikdə bu təşəbbüsə dəstək verib. Onların sözlərinə görə, əsas məqsəd həm doğmalarının ruhuna dua etmək, həm də kənd əhalisinə gündəlik həyatda fayda verən bir xeyir işi gerçəkləşdirmək olub.
Kənd sakinləri qeyd ediblər ki, bu cür nümunəvi addımlar həm birliyə, həm də xeyirxahlığa çağırışdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.