AZ

"Köhnə Bakı açıqcalarda" sərgisi açılıb

 

Bakı, 10 sentyabr

Sentyabrın 10-da Milli Azərbaycan Tarixi Muzeyində "Köhnə Bakı açıqcalarda" sərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Milli Azərbaycan Tarixi Muzeyinin və Azərbaycan Fotoqrafları Birliyinin təşkilatçılığı ilə keçirilən sərgi 15 sentyabr Bakının azad olunması gününə həsr olunub. Sərginin kuratoru Azərbaycan Fotoqrafları Birliyinin təsisçisi Mirnaib Həsənoğludur.

Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr fondunda qorunan, XIX-XX əsrləri əhatə edən 74 orijinal açıqca ilk dəfə sərgilənir. Şəxsi kolleksiyalardan toplanmış açıqçalarda Bakının dənizkənarı sahili, təkrarsız memarlıq nümunələri yer alıb.

Azərbaycan Fotoqrafları Birliyinin sədri Aymira Süleyman qeyd edib ki, ilk dəfə nümayiş olunan orijinal açıqcalar əslində bir şəhərin xatirələr kitabıdır. Hər bir açıqca o dövrün insanlarının baxışlarını, həyatını, sevinclərini və iztirablarını bizə çatdırır: “Bu təsvirlərdə biz yalnız binaları, küçələri görmürük. Burada Bakının ruhunu, onun yaşadığı dövrü hiss edirik”.

Qeyd edək ki, sərgi 10 gün davam edəcək. Sərgidə izləyicilər paytaxtın həmin dövrdəki mənzərəsinə, əhalinin məşğuliyyətinə, Bakının köhnə görüntülərinin əks olunduğu təsvirlərə tamaşa edəcəklər.

Burada həmçinin azərbaycanlı fotoqraf Əzizbala Hacıyevin (1895-1973) "Kodak Monopol" fotokamerası, XX əsrin əvvələrində istehsal olunmuş stereo eynək və muzeyin kitabxanasında qorunan Bakı haqqında nəşrlər sərgilənir.

Sərgidə izləyicilər üçün açıqcalar haqqında virtual məlumat yaradılıb.

Seçilən
3
4
azertag.az

5Mənbələr