AZ

İran, Ermənistan və Hindistan son 3 ildə bu formatda 3-cü dəfə görüşdülər...


Rəşad Bayramov: “Hindistanla İran Azərbaycanın artan logistik önəmindən narahatdırlar”

Tehranda Ermənistan, İran və Hindistan xarici işlər nazirliklərinin regional idarə rəhbərlərinin üçüncü üçtərəfli görüşü baş tutub. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“2023-cü ilin aprelində İrəvanda keçirilən birinci iclasda və 2024-cü ilin dekabrında Yeni Dehlidə keçirilən ikinci iclasda qəbul edilmiş qərarlar nəticəsində əldə olunan irəliləyişlərə nəzər salınıb. Tərəflər, həmçinin, qarşılıqlı maraqların təmin edilməsi, regionda rifahın təşviqi üçün qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinin, xüsusilə Şimal-Cənub dəhlizinin kommunikasiyaları, eləcə də “Sülh qovşağı” (Dünyanın kəsişməsi) layihəsi çərçivəsində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsinin, bu məqsədlə Çabahar limanının strateji yerləşdiyi yerdən istifadənin vacibliyini vurğulayıblar”, - məlumatda deyilib.

Burada diqqəti çəkən məqam odur ki, 8 avqustda Vaşinqtonda Zəngəzur dəhlizi (Tramp yolu) ilə bağlı anlaşmadan sonra İran, Hindistan və Ermənistan Şimal-Cənub avtomobil yolu magistralını daha sıx gündəmə gətirməyə, bunu gündəmdə saxlamağa çalışırlar. Halbuki, əvvəl belə fəallıq yox idi.

“İqtisadi baxımdan Ermənistan üzərindən o qədər də sərfəli olmayan avtomobil magistralını reallaşdırmaq istəyirlər”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP Ali Məclisinin sədri Rəşad Bayramovun fikrincə, Hindistan və İran Ermənistan üzərindən alternativ Şimal-Cənub nəqliyyat dəhlizi çəkmək istəyirlər: “Məlum olduğu kimi, Şimal-Cənub Beynəlxalq Dəhlizi Hindistan və Fars körfəzi regionundan əsasən Rusiyaya daşımaları nəzərdə tutur. O cümlədən, Rusiyadan Hindistana daşımaları nəzərdə tutur. Söhbət Baltik dənizi hövzəsindən Hindistanın Bombey limanına qədər uzanan bir arealdan gedir. Şimal-Cənub Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan və İran dəmir yollarının birləşdirilməsinə dair işlər görülür. Rusiyadan başlayaraq İran Astarasına qədər dəmir yolu mövcuddur. Çatışmayan hissə İran ərazisindədir. Söhbət Rəştdən Astaraya qədər olan hissədə dəmir yolunun mövcud olmamasından gedir. Yəni Bəndər Abbas limanından Rəştə qədər dəmir yolu mövcuddur. Gərək Rəştdən İran Astarasına qədər dəmir yolu olsun ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi tamamlansın. O zaman Sankt-Peterburqdan çıxan yük qatarı dayanıqlı şəkildə vaxt itirmədən mənzilə çatacaq. Ona görə də burada çatışmayan 167 kilometrlik Rəşt-Astara dəmir yolunun mövcud olmamasıdır. Bu dəmir yolu da çəkiləndən sonra yol tamamlanacaq. Burada narahatlıq doğuran məqam odur ki, İran Rəşt-Astara dəmir yolunun tikintisinə ciddi maraq, səy göstərmir. Bax budur bizi qayğılandıran. Sanki Tehran istəmir ki, Azərbaycanın nəqliyyat-tranzit önəmi artsın. Ancaq Zəngəzur dəhlizinin açılması Şimal-Cənub Nəqliyyat Dəhlizi üçün yeni fürsətlər aça bilər. Yəni İran Culfa vasitəsilə dəmiryol şəbəkəsinə qoşula bilər. Bu zaman Rusiyadan Hindistana yüklərin daşınmasında yubanma olmayacaq. Yəni Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi ola bilər. Ancaq görünən odur ki, Hindistanla İran Azərbaycanın artan logistik önəmindən narahatdırlar. Bu səbəbdən iqtisadi baxımdan Ermənistan üzərindən o qədər də sərfəli olmayan avtomobil magistralını reallaşdırmaq istəyirlər. Yəni İran və Ermənistan vasitəsilə Gürcüstan limanlarına daşımaları həyata keçirmək istəyirlər. Baxmayaraq ki, Ermənistanda bununla bağlı yol infrastrukturunu qurmaq üçün çox böyük maliyyə vəsaitlərinə ehtiyac var. Bu vəsait də nə Hindistanda, nə də İranda var. Ancaq zəmanət yoxdur ki, Fransanın timsalında Avropa İttifaqının maliyyə təsisatları bu layihəyə kredit ayırmayacaq”.

Vidadi ORDAHALLI

Seçilən
3
baki-xeber.com

1Mənbələr