AZ

Şarl de Qollun Beşinci Respublikası Makronun əli ilə məhv edilir...


Hökumət böhranının səngimək bilmədiyi Fransada islamofobiya problemi də sürətlə dərinləşir. Bu fonda “Əyilməz Fransa” partiyasının lideri Jan-Lük Melanşon ölkənin daxili işlər naziri Brüno Rötayonu islamofobiya dalğasını qızışdırmaqda ittiham edib. Onun bu sərt bəyanatı Paris və ətrafında yerləşən bir neçə məscidin qarşısında donuz başlarının tapılmasından sonra açıqlanıb.

Melanşon X sosial şəbəkəsində paylaşım edərək, baş verən hadisələri axmaqlıq kimi dəyərləndirib: “Fransada islamofobiya artır. Məscidlərə qarşı bu hərəkətlər axmaqlıqdır. Onların müəllifləri ağılsızdır. İslam donuzla problemi olan bir din deyil, sadəcə onu yemir”.

Melanşonun bu reaksiyası, Paris və ətrafındakı ən azı doqquz məscidin önündə donuz başlarının aşkar edilməsindən sonra gəlib. Bu təxribatçı hərəkətlər həm cəmiyyət, həm də siyasi liderlər tərəfindən kəskin qınanıb. Fransanın daxili işlər naziri Brüno Rötayo təhqirə məruz qalan məscid icmalarına dəstək ifadə edib: “Bu təxribatlar dözülməzdir. Məscid rəhbərlərinə və ibadət edənlərə tam dəstəyimi bildirirəm. Bu əməllər Fransa Respublikasının prinsiplərinə ziddir”. Melanşon isə Rötayonu birbaşa hədəfə alaraq, onun çıxışlarının və siyasətinin islamofob dairələri qızışdırdığını iddia edir. Onun sözlərinə görə, Fransada antimüsəlman ritorikası cəmiyyətin bəzi təbəqələrində təhlükəli davranışlara yol açır və bu məsuliyyət siyasi rəhbərliyin üzərinə düşür. Fransada din azadlığı və ictimai birlik prinsipləri ətrafında müzakirələrin daha da qızışacağı gözlənilir. Bütün bunlar hökumət böhranın olduğu bir şəraitdə baş verir. Qeyd edək ki, Fransa parlamentinin aşağı palatası - Milli Assambleya Fransua Bayru hökumətinə etimadsızlıq votumu elan edib. 364 deputat kabinetə etimadsızlığa səs verib, yalnız 194 deputat Bayrunu dəstəkləyib. 74-yaşlı mərkəzçi Bayru cəmi doqquz ay əvvəl baş nazir olub. O vaxt o, parlamentin dəstəyini almışdı. Lakin bu dəfə həm solçu, həm də sağçı müxalifət kabinetin istefasını tələb edib. Xatırladaq ki, prezident Emmanuel Makronun tərəfdarları parlamentdə çoxluqda deyillər. Şərhçilər deyirlər ki, dövlət maliyyəsinin vəziyyəti Bayru hökumətinin süqutunun əsas səbəbidir. Bayru qənaət tədbirləri ilə büdcə kəsirinin azaldılmasını nəzərdə tutan büdcəni parlamentdən keçirməyə çalışdı. Lakin bunu nə sağçı, nə də solçu populistlər dəstəklədi. Sosialistlər Makron baş nazir postunu onlara həvalə edərsə, hökumətin rəhbərliyini öz üzərilərinə götürməyə hazır olduqlarını bildiriblər. Birləşmiş solçular son seçkilərdə ifrat sağçı Milli Birliyi qabaqlayaraq qalib gəliblər. Bununla belə, Makron artıq iki dəfə solçuların nümayəndələrinə kabinet qurmağı etibar etməyib. Makron rəsmi olaraq 39 yaşlı Sebastian Lekornu yeni baş nazir təyin edib. Lekornu 2017-ci ildən hökumətdə təmsil olunur və Makronun yaxın müttəfiqlərindən sayılır. Yelisey Sarayının yaydığı bəyanatda bildirilir ki, Makron yeni baş nazirdən parlamentdə təmsil olunan siyasi qüvvələrlə məsləhətləşmələr aparmağı, dövlət büdcəsinin qəbuluna və qarşıdakı aylar üçün vacib qərarların verilməsinə dair razılaşmalar qurmağı istəyib. Yeni təyinat müxalifət tərəfindən kəskin tənqid edilib. “Milli Birlik” partiyası və ifrat solçu “Əyilməz Fransa” parlamentin buraxılmasını və yeni seçkilərin təyin olunmasını tələb edir. Şərhçilər Makronun sonda bu addımı atacağını istisna etmirlər. Halbuki əvvəlki seçkilər cəmi bir il əvvəl, həm də vaxtından əvvəl keçirilib.

Fransa üçün Bayrunun istefası siyasi böhranın davamı deməkdir. Büdcə qəbul etməli, iqtisadi problemləri həll etməli olduğu bir vaxtda ölkənin hökumət problem vəziyyəti çətinləşdirir. Fransanın dövlət borcu və büdcə kəsiri Avropada ən böyüklərdəndir. Bu fonda Beşinci Respublikanın tarixinin tezliklə başa çata biləcəyi ilə bağlı narahatlıqlar var. Onun əsası 1958-ci ildə Şarl de Qoll tərəfindən qoyulub. General xüsusilə Dördüncü Respublika üçün xarakterik olan baş nazirlərin tez-tez dəyişməsinin qarşısını almaq üçün prezidentin səlahiyyətlərini əhəmiyyətli dərəcədə gücləndirən konstitusiya islahatının təşəbbüskarı olub. İndi isə iki il ərzində Fransada dördüncü dəfə hökumət istefaya gedib. Bunlar fonunda islamofobiya problemi vəziyyəti daha da qəlizləşdirir. Məhz belə şəraitdə Fransada müsəlmanların təqib və təhqir olunması artıq tendensiyaya çevrilib. Üstəlik, bu hərəkətlər əvvəlcədən planlaşdırılmış qaydada və müəyyən siyasi dəstək əsasında edilir. Bu fakt onu göstərir ki, Fransada təkcə siyasi dəyərlər aşınmaya məruz qalmır, eyni zamanda, ideoloji, mənəvi və dini ayrı-seçkilik artır, sivilizasiyaların toqquşması tezisi təbliğ edilir. Fransa vətəndaşı, hətta orada doğulmuş bir çox müsəlman hər gün qara siyahıya düşür və polisin hörmətsizliyi və nifrətinin qurbanı olur. Burada müsəlmanlara qarşı mədəni, siyasi baxımdan qərəzli münasibət bəslənilir. Yeri gəlmişkən qeyd edək ki, Fransada Azərbaycana qarşı qərəzli münasibətin səbəblərindən biri məhz islamofobiyadır. Halbuki, islamofobiya bəşəriyyətə qarşı cinayətdir, onun ümumbəşəri normalarla heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, Fransada irqçilik, islamofobiyanın ifrat həddə çatdığı artıq danılmaz bir faktdır. Təsadüfi deyil ki, Fransa mediasında da mütəmadi şəkildə müsəlmanların iştirakı olmadan İslam dini və müsəlmanlar ətrafında debatlar aparılır, burada nifrəti artıran və irqçi ifadələrə tez-tez yol verilir. Ölkədə keçirilən müxtəlif seçkilər zamanı seçki kampaniyaları çərçivəsində mövzu aktuallaşır, bəzi sağçı və ifrat sağçı qüvvələrin açıq şəkildə anti-islam və bəzən də milliyyətçi mövqe tutduğu ortaya çıxır. Fransada nifrət zəminində cinayətlərin rəsmi statistikasının aparılmamasına baxmayaraq, ölkənin müsəlman əhalisinə, qaradərili fransızlara, digər etnik və dini qruplara qarşı diskriminasiya halları, xüsusilə Avropaya miqrant axını fonunda son illərdə daha da kəskinləşib.

Tahir TAĞIYEV

Seçilən
0
baki-xeber.com

1Mənbələr