AZ

Ermənistanın "bütün vicdanlı və etibarlı dostlarını Qafqaza toplayırlar"...


Məqsəd Ermənistan ictimaiyyətinə “Rusiyasız yaşamaq olmaz” fikrini təkrar-təkrar ötürmək, Paşinyan hökumətini zəiflətmək və revanşist qüvvələri dirçəltməkdir

Sentyabrın 9-da Ermənistan Respublikasının birinci prezidenti Levon Ter-Petrosyan öz iqamətgahında Rusiya Federasiyasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin ilə görüşündə deyib ki, Rusiyanın Zaqafqaziyada olması təcili ehtiyacdır və tarix tərəfindən təsdiqlənmiş reallıqdır. Rusiya, İran, Gürcüstan, Fransa, Yunanıstan, yaxın gələcəkdə isə Çin və Hindistan Ermənistanın vicdanlı və etibarlı dostlarıdır.

Son günlər erməni mediasinda bir neçə nəfər oxsar bəyanatla çıxış edib. Bəlkə Moskva müxalifətə və revanşistlərə hücum komandası verib?

Baki-xeber.com nəşrinə görə, Levon Ter-Petrosyanın və digərlərinin açıqlamaları bir neçə mühüm məqamı ortaya qoyur.

Ermənistan daxilində Moskva ilə münasibətlərdə ziddiyyətli xətt gedir və bu tendensiya hakimiyyət tərəfindən yumşaq şəkildə intensivləşdirilir. Rəsmi İrəvan Avropa İttifaqına, Qərbə inteqrasiyanı gücləndirsə də, müxalifət və köhnə elita Rusiya ilə əlaqələrin zəifləməsini milli təhlükəsizlik üçün risqli hesab edir. Əslində isə əks tendensiya, yəni Avropaya inteqrasiya daha səmərəlidir, amma Rusiyanın əsiri olan müxalifətin ortaya başqa müxalif fikir qoymaq imkanı və potensialı yoxdur.

Ter-Petrosyanın “Rusiya Zaqafqaziyada təcili ehtiyacdır” fikri həm Moskvanın regiondakı rolunu təsdiqləyir, həm də Paşinyan iqtidarına qarşı mesaj kimi görünür.

Eyni zamanda Moskvanın informasiya kanallarının xüsusi aktivləşməsi diqqəti cəlb edir. Son günlər erməni mediasında oxşar bəyanatların çoxalması təsadüfi deyil. Bu, koordinasiyalı informasiya kampaniyası təsiri bağışlayır. Belə hallarda adətən ya Moskvanın öz media təsir rıçaqları işə salınır, ya da Rusiyaya bağlı siyasi dairələr ictimai rəyi formalaşdırmaq üçün “köhnə fiqurları” səhnəyə çıxarır. Buna misal olaraq revanşist qüvvələrin stimullaşdırılmasını qeyd etmək olar. Paşinyan hökuməti Rusiya ilə məsafə saxladıqca, Moskva daxildə onu sıxışdırmaq üçün ənənəvi müttəfiqləri – revanşistlər, “Qarabağ klanı”, müxalif siyasətçiləri və kilsəni dəstəkləyir. Bu, həm Ermənistan cəmiyyətində parçalanmanı artırır, həm də Qərbə yönəlməni ləngitməyə hesablanır.

Ter-Petrosyanın sadaladığı ölkələr - Rusiya, İran, Gürcüstan, Fransa, Yunanıstan və perspektivdə Çin, Hindistan - Ermənistan üçün “geosiyasi balans” konsepsiyasına uyğun gəlir. Bu siyahı, əslində, Ermənistanın Qərblə tam inteqrasiyasının alternativsiz olmadığını göstərmək cəhdidir.

Çox güman ki, bu bəyanatlar Moskvanın dolayı dəstəyi ilə gündəmə gətirilir. Məqsəd Ermənistan ictimaiyyətinə “Rusiyasız yaşamaq olmaz” fikrini təkrar-təkrar ötürmək, Paşinyan hökumətini zəiflətmək və revanşist qüvvələri dirçəltməkdir.

Ermənistanın daxili siyasi balansında bu proseslərin təsirinə diqqət yetirdikdə aydın olur ki, Paşinyan Aİ missiyası, ABŞ və Fransa ilə hərbi əməkdaşlıq, KTMT-dən uzaqlaşma siqnalları ilə Qərbə inteqrasiyanı prioritetləşdirməyə çalışır. Amma Rusiya yönümlü ritorikanın artması hökumətin “təhlükəsizlik boşluqlarını” qabardır. Bu, onun opponentlərinə “Paşinyan Rusiyanı itirir, Ermənistanı risqə atır” arqumentini verir. İctimai rəydə Paşinyanın “təhlükəsizlik qarantı yoxdur” imici daha da güclənə bilər.

Revanşist müxalifət (Koçaryan, Sərkisyan dairələri) uzun müddətdir ki, “Rusiya ilə münasibətlərin korlanması Ermənistanı çökdürür” tezisini təkrar edir. Levon Ter-Petrosyan kimi “klassik fiqurlar” da eyni tonla danışanda, bu ritorika daha geniş "legitimlik" qazanır.

Müxalifət küçə etirazlarını artırmaq üçün Moskvanın mediadan dəstəyini ala bilər.

Qarabağ məsələsini itirən klan hələ də Ermənistanın siyasi səhnəsində təsir imkanlarını qorumağa çalışır. Onların Moskva ilə ənənəvi yaxınlığı var və Rusiyanın informasiya dəstəyi klanı yenidən siyasi oyuna qaytara bilər. Bu qüvvələr Paşinyana qarşı “kapitulyasiya” ittihamlarını yenidən gündəmə gətirirlər.

Ermənistanda əhali iki əsas kampa bölünüb: Qərbpərəstlər - Avropa ilə yaxınlaşmanı, Rusiyadan asılılığın azalmasını istəyirlər və rusiyapərəstlər - tarixən təhlükəsizliyin yalnız Moskva ilə mümkün olduğunu düşünürlər. Rusiya yönümlü bəyanatların artması ikinci qrupun mövqeyini gücləndirir, Paşinyanın isə sosial bazasını zəiflədir. Paşinyanı tam devirməkdən çox, onu daim “təzyiq altında” saxlamaq Moskvanın hazırkı marağına uyğundur. Bunun üçün müxalifət, revanşistlər və köhnə elita daim “Rusiyasız Ermənistan olmaz” ritorikasını səsləndirir.

Beləcə, Ermənistan cəmiyyətində Qərbə inteqrasiya heç vaxt “vahid dəstəkli” siyasi kursa çevrilmir.

Ümumi nəticə ondan ibarəptdir ku, Ermənistanın daxili siyasi balansında bu proseslər Paşinyanın mövqelərini zəiflədib, müxalifətin əlini gücləndirir. Əgər Rusiya təzyiqi artarsa, hökumət Qərblə əməkdaşlıq xəttini sürətləndirməkdə çətinlik çəkə, hətta məcburi kompromislərə gedə bilər.

Akif NƏSİRLİ

Seçilən
19
baki-xeber.com

1Mənbələr