Məhərrəm Zülfüqarlı: “Sərkisyan da, Köçəryan da məhz Rusiyanın diqtəsi ilə hərəkət edərək, qondarma qurumu axıra qədər tanımadılar”
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Qaqik Melkonyan deyib ki, bütün dünya Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyır.
“İndi Ermənistan bunun belə olmadığını söyləsə, bu, müharibəyə gətirib çıxaracaq. Robert Köçəryan və Serj Sarkisyan hər biri 10 il prezident olub, Qarabağın “müstəqilliyini” tanımayıblar. Vitali Balasanyan deyirdi ki, Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq. Amma onlar da Qarabağı Azərbaycana təhvil verməyi üstün tutdular. Unutmusunuz? 200 ildir bizə deyirlər ki, türklər bizim düşmənimizdir. Biz artıq qonşularımızla qonşu olmalıyıq, qisas almaq üçün kənardan adam gətirməməliyik. Azərbaycan da müharibənin olmasında maraqlı deyil. Hamımız sülh istəyirik”-deyə erməni deputat bildirib.
Maraqlı etirafdır.
“Hakim partiyanın deputatı açıq şəkildə bəyan edir ki, keçmiş prezidentlər...”
Məsələyə münasibət bildirən tarix elmləri doktoru, professor, siyasi ekspert Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, “Dağlıq Qarabağ” problemi Rusiyanın yaratdığı, Rusiyanın memarı olduğu bir məsələ idi. Professorun sözlərinə görə, təkcə “Dağlıq Qarabağ” problemini yox, Osetiya, Abxaziya, Dnestryanı və s. problemləri Rusiya bilərəkdən yaratdı ki, öz təsir dairəsindən bu əraziləri çıxarmasın. “Sadəcə erməniləri bir vasitə, alət kimi istifadə edirdi. Bunu bütün dünya bilir və uzun müddət deyilmiş fikirlərdir.
Bəs nəyə görə Rusiya bu problemi yarada-yarada və Ermənistanda Rusiyayönümlü prezidentlər ola-ola uzun müddət nə Rusiya, nə də Ermənistan qondarma “Dağlıq Qarabağ” qurumunu tanımadı? Bu, Rusiyanın riyakar siyasətindən irəli gəlir. Yəni 44 günlük müharibədəki qələbəmizə qədər dəfələrlə “Dağlıq Qarabağ” qondarma qurumu nə qədər istəsə də, xahiş etsə də Rusiya və Ermənistan onu tanımadı. Burda riyakarlıq ondan ibarətdir ki, bunlar dünyaya belə bir mesaj verirdilər ki, bu problem bizlik deyil. Guya nə Rusiya, nə Ermənistan bu problemə qarışmır, Azərbaycanın ərazisini işğal edən guya “Dağlıq Qarabağ”ın bir qrup separatçı qüvvələridir, sadəcə olaraq Ermənistan beynəlxalq aləmdə erməni dövləti kimi onların öz “müqəddəratlarını təyin etmək hüququnu” dəstəkləyir, amma onların separatçılığını, “müstəqilliyini” tanımır. Hətta bu barədə sizin qəzetdə də yazmışam.1993-cü ilin aprel ayının 2-də Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş əraziləri haqqında aprelin 30-da qəbul etdiyi 822-ci qətnamə və digər qəbul olunan 3 qətnamənin heç birində Ermənistanı işğalçı dövlət kimi göstərməmişdilər. Bu nə demək idi? Bu o demək idi ki, tək Rusiya yox, BMT Təhlükəsizlik Şurasının digər üzvləri də riyakarlıq etmişdilər. Yenə də Azərbaycanın ərazisini guya qondarma “Dağlıq Qarabağ” qurumunun işğal etdiyini göstərirdilər. Rusiya yönümlü prezidentlər olan Sərkisyan da, Köçəryan da məhz Rusiyanın diqtəsi ilə hərəkət edərək qondarma qurumu axıra qədər tanımadılar. Onların Qarabağı geri qaytarmaq istəməsi məsələsinin nə dərəcədə real olduğunu demək çətindir. Çünki Paşinyandan əvvəl hakimiyyətdə olanların heç biri Rusiyanın siyasətindən kənara çıxmırdı. Rusiyanın da məqsədi heç vaxt Qarabağı qaytarmaq olmayıb. Əksinə, bu problemin ömrünü uzatmaq idi. Bu baxımdan, Köçəryan və Sarkisyan Rusiyanın sözündən kənara çıxa bilmirdi.
Paşinyan hakimiyyətinin apardığı siyasət isə Ermənistanı tamamilə Rusiyadan uzaqlaşdırmağa aparır ki, bu da bizim siyasətə uyğundur. Amma nə Köçəryan, nə Sərkisyan Ermənistanı Rusiyadan uzaqlaşdırmaq istəmirdi. Hakim partiyanın deputatı açıq şəkildə bəyan edir ki, keçmiş prezidentlər - Sərkisyan və Köçəryan Rusiyanın buyruq qulları idilər, Rusiya nə desəydi o olurdu. Rusiya onlara desəydi ki, Qarabağı Azərbaycana qaytarın onlar onun dediyini edəcəkdi, amma Rusiyanın məqsədi torpaqların geri qaytarılması olmayıb. O istəyirdi ki, bu münaqişəni həll edilməmiş saxlamaqla regionda öz təsirini saxlasın.
Özündən əvvəlki prezidentlərdən fərqli olaraq, artıq Ermənistanın yeni hakimiyyəti Rusiyanın riyakarlığını başa düşərək açıq şəkildə bildirir ki, Qarabağ problemini ortaya atan və uzun illər onun həll edilməməsinə çalışan Rusiyanın məqsədi regiondan çıxmamaq və bu problemi də daim həll olunmamış saxlamaq olub. Yəni həll etmək istəsəydi, qondarma qurumu da tanıyardı, necə ki, Cənubi Osetiyanı və Abxaziyanı tanıdı. Rusiyanın məqsədi bu problemi özünəuyğun şəkildə idarə etmək idi, həll etmək deyildi. Hərdən Azərbaycana bir az ümid verirdi, amma problemin həll olunmasını istəmirdi. Soruşa bilərsiz ki, bəs necə oldu 44 günlük müharibədə Rusiya burda nisbətən neytral qaldı? Bu bilavasitə Ermənistanda Rusiyapərəst qüvvələrin hakimiyyətdən getməsi və Qərbə inteqrasiya edən qüvvələrin hakimiyyətə gəlməsilə bağlı idi. Rusiyanın məqsədi Paşinyanı hakimiyyətdən devirmək, orda böhran yaratmaq idi. Bu situasiyadan da Azərbaycan çox səmərəli istifadə etdi. Ona görə Azərbaycan Prezidenti İlham Əliyev tez-tez deyirdi ki, mən bilirəm nəyi nə zaman etmək lazımdır...
Ermənistan-Rusiya münasibətləri pisləşən kimi, Rusiya Ermənistanda hakimiyyətdə olanları devirmək istəyərkən, müəyyən qədər siyasətini dəyişərkən Azərbaycan bundan istifadə etdi və çox uğurlu da nəticələr oldu”.
Rusiyanın böhran keçirdiyini, müharibədə ağır duruma düşdüyünü, bütün resurslarının tükəndiyini deyən M.Zülfüqarlı bildirdi ki, Qərb dövlətləri bunu Rusiyanı iqtisadi cəhətdən çökdürmək üçün edirlər, müharibənin bitməsini istəmirlər və vaxtilə Rusiyanın Azərbaycan və Ermənistana etdiklərini indi Qərb onun özünə edir.
İradə SARIYEVA