Astronomlar kosmosda nadir hadisə ilə rastlaşıblar.
Gundem.az xəbər verir ki, Yer kürəsindən təxminən 10 min işıq ili uzaqlıqda yerləşən V Sagittae adlı ulduz sistemi qeyri-adi davranışı ilə alimlərin diqqətini çəkib.
Araşdırmalar göstərib ki, sistemdəki ağ cırtdan ulduz özündən böyük qonşu ulduzun maddəsini rekord sürətlə özünə çəkir.
Tədqiqat "Monthly Notices of the Royal Astronomical Society" (MNRAS) jurnalında dərc olunub.
Avropa Cənub Rəsədxanasının Çilidə yerləşən nəhəng teleskopu vasitəsilə aparılan müşahidələr zamanı məlum olub ki, iki ulduz cəmi 12,3 saatda bir dəfə bir-birinin ətrafında dövr edir və tədricən yaxınlaşırlar. Bu proses parlaq işıq saçılması ilə müşayiət olunur.
Bundan başqa, alimlər hər iki ulduzu əhatə edən qaz halqası da aşkar ediblər. Bu halqa ağ cırtdanın "həzm edə bilmədiyi" artıq maddədən yaranıb.
Turku Universitetindən doktor Pasi Hakala vurğulayıb ki, bu qaz halqası sistemin ömrünün son mərhələsində olduğunu göstərir və yaxın gələcəkdə fəlakətli nəticə qaçılmazdır.
Kanari Adaları Astrofizika İnstitutundan doktor Pablo Rodrigez-Hil isə qeyd edib ki, ulduzun səthində yığılan maddə yaxın illərdə partlayışa səbəb ola bilər. Bu zaman V Sagittae gözlə görünəcək qədər parlaq olacaq. Lakin son mərhələdə ulduzların toqquşması və supernova partlayışı baş verəcək. Bu parıltı o qədər güclü olacaq ki, hətta yer üzündən gündüz vaxtı da görünə biləcək. /Milli.az