Şakir Ağayev: “Azərbaycan Prezidentinin atdığı addımlar, verdiyi qərarlar, imzaladığı bu razılaşma, sözsüz ki, ölkənin qanunverici orqanı tərəfindən də dəstəklənir”
Milli Məclis Vaşinqton razılaşmaları ilə bağlı qərar qəbul edib. Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclasın sonunda çıxışı zamanı deyib ki, müzakirə zamanı çıxışlarda dərin fikirlər səsləndi, dövlət başçısının həyata keçirdiyi siyasətlə bağlı qürur və Azərbaycanın xoşbəxt gələcəyinə əminlik ifadə olundu. Spiker vurğulayıb ki, Vaşinqton razılaşmaları ölkəmizin həyatında yeni səhifə açıb: “Prezident İlham Əliyevin sayəsində Azərbaycan nəinki milli maraqlarını müdafiə edib, həm də regionda yeni geosiyasi reallıqlar yaradıb. Azərbaycan yenə də göstərdi ki, həm döyüş meydanında qələbə qazanmağa, həm də danışıqlar masası arxasında ədaləti bərqərar etməyə qadirdir.
Bütün bu uğurlara görə biz Prezident İlham Əliyevə bir daha minnətdarlığımızı bildirərək, ölkəmizi yeni qələbələrə aparmaq naminə dəyərli fəaliyyətində ona böyük uğurlar arzulayırıq”.
Daha sonra müzakirə edilən məsələ səsə qoyulub və yekdilliklə protokol qaydasında qərar qəbul edilib.
Milli Məclisin Vaşinqton razılaşmaları ilə bağlı qəbul etdiyi qərarın əhəmiyyəti nədir? Eyni addımı rəsmi İrəvan da atacaqmı?
“Ermənistan tərəfindən də belə bir addımın atılması...”
“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, Milli Məclisin Vaşinqton razılaşmaları ilə bağlı qərar qəbul etməsinin əhəmiyyəti böyükdür. Ş.Ağayev qeyd etdi ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ səfəri zamanı Birgə Bəyannamə və bir sıra digər sənədlər imzalandı. “Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması, Zəngəzur dəhlizi ilə bağlı razılığa gəlinməsi regionda sülhün bərqərar olmasında önəmli rol oynayacaq. Bu barədə çox danışılıb, onun mahiyyəti, əhəmiyyəti, regionda və dünyada oynadığı rolu vurğulanıb. Vaşinqton razılaşmasının təkcə bu gün üçün yox, gələcəkdə də regionun inkişafındakı rolunu bir daha görəcəyik. Milli Məclisin bu qərarı qəbul etməsinin əhəmiyyəti böyükdür. Bu o deməkdir ki, Azərbaycan Prezidentinin atdığı addımlar, verdiyi qərarlar, imzaladığı bu razılaşma ölkənin qanunverici orqanı tərəfindən də təsdiqlənir, dəstəklənir. Sözsüz ki, belə bəyannamələr ratifikasiya olunmur, çünki sülh sazişinin paraflanması və sair bir niyyət protokoludur. Amma Milli Məclisin bu məsələ ilə bağlı qərar qəbul etməsi elə təsdiqə bərabər bir məsələdir”.
Ş.Ağayev qeyd etdi ki, Milli Məclisdən əvvəl Nazirlər Kabinetində 8 avqust Vaşinqton razılaşması ilə bağlı bir tədbir keçirildi və bu dəstəkləndi. “Yəni bu, ölkənin bütün idarəedici hakimiyyət strukturlarının bu razılaşmanı dəstəklədiyini ifadə edir. Sözsüz ki, qanunverici orqan tərəfindən də dəstəklənməsi bu qərarın Azərbaycan dövləti tərəfindən həyata keçirilməsini daha da gücləndirir, sürətləndirir”.
Rəsmi İrəvanda da belə bir addımın atılıb-atılmayacağına gəlincə, Ş.Ağayev qeyd etdi ki, bu suala cavab vermək çətindir: “İrəvan tərəfindən də belə bir addım atıla da bilər, atılmaya da. Çünki bu məcburi xarakter daşımır. Məcbur deyil ki, bu, qanunvericilik orqanında hansısa bir formada ratifikasiya edilsin. Sözsüz ki, Ermənistan tərəfindən də belə bir addımın atılması yaxşı olardı. Bu, Ermənistanın baş naziri Nikol Paşinyanın bu qərarları həyata keçirməkdə mövqeyini daha da gücləndirər. Bu artıq İrəvanın daxili işidir”.
İradə SARIYEVA