AZ

Ərəstun Oruclu: Çinin güclənməsi yaxşı heç nə vəd etmir...

Çində baş tutan ŞƏT sammitindən və Pekindəki hərbi paraddan sonra Pekinin artıq ikinci qlobal qütbə çevrildiyi vurğulanır...

Siyasi-şərhçi: “Dünya nizamının gələcəyi üçün Pekin Moskvadan daha təhlükəli variantdır”.

“Çin ikincisi gücdürmü? Təbii ki, iqtisadi, hərbi və digər parametrlər üzrə götürəndə Çin ikincisi güc olmağa iddialıdır. Deməzdim ki, hazırda Çin ikincisi gücdür”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Çinin ikinci böyük qlobal gücə çevirməsi iddiasını Poliqon-a şərh edərkən qeyd edib.

Çində baş tutan ŞƏT sammitindən və Pekindəki hərbi paraddan sonra Qərb analitikləri narahatlıqlarını ifadə edərək, Çinin artıq ikinci qlobal qütbə çevrildiyini vurğulayırlar.

Hər kəsin çoxqütblü yeni dünya nizamından bəhs etdiyi bir halda, bir tərəfdə ABŞ-nin, digər tərfdə isə Çinin lider olduğu ikiqütblü dünya nizamının yaranmasına ehtimal vermək olar və belə bir nizam indikindən ədalətli ola bilərmi?

Mövzunu Poliqon-nun əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Çin özünün siyasi kursunda daha qəddar, avtoritar ölkədir, nəinki Sovet höküməti”.

Çinin dünyada avtoritar rejimin ciddi dayaqlarından biri olduğunu xatırladan politoloq Poliqon-a bildirib ki, bunun özü də çox təhlükəli tendensiyadır:

“Məsələ burasındadır ki, Çin Qələbə paradında bir güc nümayiş etdirdi. Xüsusən də, özünün nüvə silahlarının, onun nüvə silahı daşıyıcı raketlərinin, o cümlədən bölünən bölünən nüvə başlıqları raketlərinin olmasını göstərdi.

Çin ikincisi gücdürmü? Təbii ki, iqtisadi, hərbi və digər parametrlər üzrə götürəndə Çin ikincisi güc olmağa iddialıdır. Deməzdim ki, Çin ikincisi gücdür. Ona görə ki, Çin öz yaxın qonşuları, hətta ŞƏT üzvü olan Hindistan, Pakistan, Rusiya ilə münasibətləri tam nizamlamayıb. Çin Pakistanla müttəfiq, Hindistanla rəqib, Rusiya ilə güya müttəfiqdir. Amma Çin eyni zamanda Rusiyanın da bəzi ərazilərinə iddia edir.

Ərəstun Oruclu: “Mən Azərbaycanın Çinlə əməkdaşlığına elə də yaxşı baxmıram”.

Belə bir şərait Çinin ikinci qlobal güc olmasına mane olur. Yaxın hələcəkdə dünyada yeni bir ikiqütblü nizamın formalaşacağını söyləmək çətindir. Əgər olacaqsa, düşünmürəm ki, yeni dünya nizamı indikindən ədalətli olacaq. Ən azı ona görə ki, Çin özünün siyasi kursunda daha qəddar, avtoritar ölkədir, nəinki Sovet höküməti.

Mən Azərbaycanın Çinlə əməkdaşlığına elə də yaxşı baxmıram. Çox təəsüf ki, bizim insanlar Çin mədəniyyətini, Çin siyası sistemini, Çin davranış normalarını bilmədiklərindən belə düşünürlər ki, Çinlə əlaqələrin inkişafı iqtisadi rifah gətirə bilər. Amma bu belə deyil. Çinin olduğu yerdə daha böyük istismar və zəlalət var. Çin sakit şəkildə, görünmədən hər yerə soxulmağa başlayıb və dünya nizamının gələcəyi üçün Pekin Moskvadan daha təhlükəli variantdır.

Əslində, mənə sual versəydiniz ki, Azərbaycan öz tərəfdaşı kimi Rusiyanı, ya da Çini seçsin, mən Rusiya deyərdim. Yəni seçim bu iki dövlətin üzərinə düşərsə, mən yüksək ehtimalla Rusiya deyərdim. Çünki Rusiya heç olmasa, müəyyən mənada mədəniyyət baxımından bizə daha yaxındır, nəinki Çin.

Ümumiyyətlə, Çin dünyada avtoritar rejimin ciddi dayaqlarından biridir. Bunun özü də çox təhlükəli tendensiyadır. Belə bir dövlətin güclənməsi yaxşı heç nə vəd etmir”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
11
poliqon.info

1Mənbələr