1-ci Liqa təmsilçisi "Difai"nin hücumçusu Kristian Kamtanın İraqın "Al-Karh" komandasına keçidinin alınmadığını, kamerunlu forvardın Ağsu klubunun düşərgəsinə qayıdacağını xəbər vermişdik.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 21 yaşlı futbolçu artıq "Difai"yə qoşulub.
Yeri gəlmişkən, Kamtanın "Al-Karh"a keçə bilməməsinin səbəbi də bəllidir. Ön xətt oyunçusu baş məşqçi ilə problem yaşadığı üçün iraqlılarla müqavilə bağlamayıb.
Yadınızdadırsa, Kristianın öz cibindən Azərbaycan klubuna 10 min dollar ödədiyi barədə də xəbərlər yayılmışdı. Həmin məbləğ "Al-Karh"ın boyun olduğu puldan ödəniləcəkmiş. Lakin keçid baş tutmadığından təzminata da ehtiyac qalmayıb.
Xatırladaq ki, "Difai" ötən mövsüm 1-ci Liqadakı mübarizəni 9-cu pillədə tamamlayıb. Sözügedən kollektiv 2-ci Liqada 4-cü yeri tutmuş "Quba"nı pley-off matçında yenərək (3:1) liqada qalıb. Komanda bu yay ötən mövsüm "Kəpəz"də baş məşqçinin köməkçisi qismində çalışmış Araz Bağırova tapşırılsa da, rəhbərlik çempionat başlamamış onunla yolları ayırıb.
Mirağa