İsrailin Baş naziri Benyamin Netanyahu hesab edir ki, Qətərin paytaxtı Dohaya endirilən zərbə ABŞ-ın 2001-ci il 11 sentyabr terror aktlarından sonra Əfqanıstanda apardığı hərbi kampaniya qədər əsaslı idi.
Operativ Media xəbər verir ki, bu barədə hökümət başçısının ofisi məlumat yayıb.
Baş nazirin sözlərinə görə, müasir İsrail tarixində 11 sentyabr hücumlarının birbaşa analoqu HAMAS radikallarının 2023-cü ilin 7 oktyabrında həyata keçirdiyi hücumdur.
“ABŞ 11 sentyabrdan sonra nə etdi? Terror aktını törədənləri harada olsalar da izləyəcəyinə söz verdi. İki həftə sonra isə BMT Təhlükəsizlik Şurasından hökumətlərin öz ərazilərində terrorçuları gizlədə bilməyəcəyini təsbit edən qətnamə qəbul etdirdi”, – deyə Netanyahu bildirib.
Baş nazir vurğulayıb ki, İsrail də 9 sentyabrda Dohaya zərbə endirərək HAMAS rəhbərliyini zərərsizləşdirməyə çalışmaqla “ABŞ-ın 2001-ci ildə atdığı addımlarla eyni ruhda hərəkət edib”.