Sabah Azərbaycan I Liqasında yeni mövsüm start götürəcək. Açılış turunun maraq kəsb edən oyunlarından biri bazar günü Bayılda baş tutacaq. İddialılardan olan, Ramiz Məmmədovlu "Mingəçevir" ötən mövsümün sonunda Premyer Liqada sonuncu yeri tutaraq I Liqaya yuvarlanan "Səbail"in qonağı olacaq.
"Mingəçevir"in baş məşqçisi Ramiz Məmmədovun görüşlə bağlı fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"1-ci Liqada çempionat başlayır. Bu münasibətlə bütün komandaları təbrik edirəm və rəqiblərimizə uğurlar arzulayıram. Maraqlı, iddialı komandalar çoxdur. Biz də mümkün qədər güclənməyə çalışdıq. Heyətdə köklü dəyişikliklər olub, heyət büsbütün yenilənib. Təbii ki, yeni komandada startda müəyyən çatışmazlıqlar olur. İşimizin nə qədər effektli olduğunu çempionatın gedişatı göstərəcək. Rəqiblərimizi bir-birindən fərqləndirmək istəməzdim. Aşağı-yuxarı hamı bir-birinə yaxın səviyyədədir. "Səbail"lə səfər oyunundan yaxşı nəticə ilə ayrılıb motivasiya və özünəinam qazanmaq istəyirik".
Qeyd edək ki, "Səbail" - "Mingəçevir" oyunu 12 sentyabrda baş tutacaq. "ASCO Arena"da keçiriləcək matçın start fiti 19:00-da səsləndiriləcək.
Mirağa