ain.az, Bizimyol portalına istinadən məlumat verir.
Gəncədə Abbas Səhhət adına xəstəxananın terapiya şöbəsinin həkim terapevti şəhid ailələri və qazilər adından saxtakarlıqda ittiham olunur. Bu ittihamla da o, cinayət məsuliyyətinə cəlb edilib.
Bizimyol.info xəbər verir ki, 73 yaşlı Rəhilə həkim apteklərdən “YAŞAT” Fondunun hesabına dərmanlar alınması üçün şəhid ailələri və qazilərin adına saxta diaqnozlarla reseptlər yazmaqda təqsirləndirilir. Buna görə onun barəsində cinayət işi başlanıb və ona qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
İttihama əsasən, o, şəhid ailələri, müharibə əlillərinin adına “Hepatit C”, “Hepatit B”, “qastrit” və s. xəstəliklərdən əziyyət çəkməsi barədə saxta arayışlar, resept blankları hazırlayıb. Bu sənədlər əsasında onun tanışı Gəncədəki müxtəlif apteklərdən YAŞAT Fondunun hesabına ümumilikdə 20 min 473 manatlıq dərman alıb.
Rəhilə xanım məhkəmədə ifadə verərkən özünü təqsirli bilmədiyini söyləyib.O bildirib ki, müayinələr əsasında reseptlər yazıb. Həmin şəxsləri müayinə etmədən resept yazmayıb, diaqnoz qoymayıb. Məsələn, Novruz Allahverdiyevi bir dəfə görüb, müayinə edib, müalicə yazıb: “Sonradan şəhid ailəsi olduğu üçün Novruz Allahverdiyevin şikayətlərinə görə özü olmadığı halda, resepti yoldaşına yazıb vermişəm”.
Rəhilə xanım məhkəmədən onun haqqında bəraət hökmü çıxarılmasını istəyib.
Zərərçəkmiş qismində məhkəmədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi iştirak edib. Nümayəndə bildirib ki, şəhid ailələri və yardıma ehtiyacı olanlar üçün vəsaitlər ianələr və digər vəsaitlər hesabına fondun hesabında toplanır: “Müraciət etmiş şəxsin sənədləri yoxlanıldıqdan sonra həmin şəxs fərmanla müəyyən edilmiş şəxslər qrupuna düşürsə, bu zaman müraciət etmiş şəxsin dərmanları müəyyən edilir və həmin şəxs yaşayış yeri üzrə yaxın aptekə yönləndirilir. Müraciət etmiş şəxs reseptin əsli və şəxsiyyət vəsiqəsi ilə həmin aptekə yaxınlaşır. Aptek isə sənədləri yoxladıqdan sonra təhvil-təslim aktına uyğun olaraq qarşılıqlı imza etdikdən sonra dərmanı həmin şəxsə verir. Apteklər ilə fondun arasında təhvil-təslim aktı var və ona əsasən dərmanlar satılır. Bütün apteklərə də həmin akt göndərilib. Lakin həmin aktın içinin necə doldurulması barədə heç nə deyilməyib. Çünki aptek işçiləri də savadlı insanlardır və həmin aktı özləri doldura bilərlər. Əvvəllər müraciət edən şəxs özü gəlməli idi. Lakin sonralar müraciət edən şəxsin müəyyən çətinliklər səbəbi ilə gələ bilmədiyi üçün yaxınlarına da dərmanları verilir. Ancaq tapşırıq verilmişdi ki, götürən şəxs kimin qohumu olduğunu yazsın. Bu barədə apteklərə yazılı “mail” vasitəsi ilə məlumat verilmişdi. Həmin təhvil-təslim aktının əsasında ayın sonunda apteklərə ödənişlər olunur”.
Məhkəmədə məlum olub ki, Rəhilə xanım 2012-ci ildə “Tibb İşçilərinin peşə bayramı” günü münasibətilə və əhalinin sağlamlığının qorunması sahəsində uzun müddət nümunəvi xidmətlərinə görə “Fəxri fərman” ilə, Prezidentin sərəncamına əsasən, “Tərəqqi” medali ilə, 2021-ci ildə TƏBİB tərəfindən “Vətən müharibəsi
dövründə” göstərdiyi xidmətlərə görə “Təşəkkürnamə” ilə, 2023-cü ildə “Səhiyyə sahəsində uzunmüddətli və səmərəli xidmətlərinə görə” göstərdiyi xidmətlərə görə “Təşəkkürnamə” ilə təltif olunub.
Məhkəmə onun təqsirli olduğu qənaətinə gəlsə də, 73 yaşlı qadın olmasını, iş yeri üzrə müsbət xarakterizə edilməsini, uzun illər səhiyyə sahəsində qüsursuz çalışmasını, dəfələrlə təltiflərə layiq görülməsini, zərərçəkmiş tərəfin ona qarşı şikayət və tələbinin olmamasını yüngülləşdirici hallar kimi nəzərə alıb. Ona 2500 manat cərimə cəzası təyin olunub.
Aytən, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.