AZ

“Şirin quyruğu” qapı arasında qalanda…

Özünü İslamın keşikçisi adlandıran İran əməlləri ilə bunun əksini sübut edir. Bu rejim dinin deyil, bir qrup cinayətkar molla hakimiyyətinin keşikçisidir. Rejim müsəlmanlarla, xüsusilə türklərlə cinayətkar kimi davranan Rusiya və Ermənistanla iki yüz ildən də artıq dostluq edir və hətta onlara ərazilərimizin işğalında yaxından köməklik edir. İraqda, Suriyada, Əfqanıstanda və s. yerlərdə öz dindaşlarını qıran, dünyanın yarısında narkotik alveri edən də bunlar idi. Ancaq indi çətin vəziyyətə düşdüklərindən müsəlman ölkələrindən kömək umur. Deməli, İran “şirin quyruğu” qapı arasında qalanda müsəlmançılığı yada salır. Ancaq gecdir, cırılmış maskanın arxasından kəsici dişləri görünməkdədir.

İranın ali lideri Ayətullah Seyyid Əli Xamenei son çıxışında ölkənin diplomatik xəttini bir daha sərtləşdirərək, bütün İslam dövlətlərini İsraillə siyasi və iqtisadi əlaqələri dayandırmağa çağırıb. Ancaq onun buna mənəvi haqqı çatırmı?

Dini liderin sözlərinə görə, “İran diplomatiyasının əsas istiqamətlərindən biri dövlətləri cinayətkar sionist rejimlə ticarət və siyasi əlaqələri kəsməyə sövq etmək olmalıdır”. O bildirib ki, Qəzzada davam edən müharibə və İsrailin törətdiyi “cinayətlər” qarşısında susmaq və əlaqələri davam etdirmək qəbulolunmazdır. Ancaq belə köməyi Azərbaycandan gözləyə bilməz. Çünki erməni silahlı dəstələri 1992-ci ildə məhz İranın yaratdığı şəraitdə Şuşanı işğal etdi. Lakin xəyanət bununla bitmədi. Ermənilər Şuşada və digər yerlərdə ziyarətgahlarımızı dağıtdılar, məscidlərdə donuz və mal-qara saxladılar, müqəddəs dini abidələrimizi murdarladılar. İran Qarabağın işğalı illərində öz sərhədlərini ermənilər üçün açıq saxladı. Sökülən evlərimizin daşı, taxtası, dam örtükləri qarət edilib İrana daşındı. Molla rejimi Ermənistana təzyiq göstərmək əvəzinə ona “dogma qardaş” deyərək qucaq açdı.

Unutmuruq ki, İranda at oynadan SEPAH isə müxtəlif dövrlərdə Azərbaycana qarşı əsassız kampaniyalar aparıb. Xüsusilə Qarabağ müharibəsindən sonra Azərbaycanın qələbəsini gözdən salmaq üçün yalan məlumatlar tirajlayıb. “Pakistan döyüşçüləri”, “İsrail bazaları” və ya “Türkiyə ordusunun Azərbaycanda yerləşdirilməsi” kimi iddialar dəfələrlə gündəmə gətirilib. Lakin bütün bu dezinformasiyalar həm beynəlxalq ictimaiyyət, həm də region ölkələri tərəfindən təsdiqlənməmiş uydurmalar kimi dəyərləndirilib.

SEPAH-ın hərbçiləri, diplomatları və din maskası geyinənləri həmişə sırf Ermənistan tərəfdə dayanaraq Azərbaycan əleyhinə hərzə-hədyanlar yağdırır,  hədə-qorxu gəlirdilər. Tehranda isə səfirliyimizə qanlı hücum diplomatiya tariximizdə və yaddaşımızda həmişəlik qalacaq. Orada guya “arvadını axtaran” biri avtomat silahdan atəş açaraq diplomatımızı öldürdü, səfirliyin digər əməkdaşını yaraladı. Rejim uzun illər Ermənistanla bərabər Azərbaycanı təhdid altında saxlayaraq təzyiq etməyə cəhd göstərdi.

Bütün bunlardan utanmayan molla hakimiyyəti indi müsəlman ölkələrini İsraillə düşmənçiliyə çağırır. Azərbaycan ona dəstək verərmi? Əlbəttə, yox. Ölkəmiz ən yaxşı halda bitərəf mövqedə qalar və qalır.

Xamenei daha əvvəl dəfələrlə bu mövzuya qayıdaraq, əlaqələrin tam kəsilməsinin ideal həll yolu olduğunu tələb edir. Lakin o, praktik səbəblərdən bunu edə bilməyən ölkələrin ən azı müvəqqəti dayandırma taktikasına müraciət etməli olduqlarını qeyd edib. 2023-cü ilin noyabrında Əl-Ryadda keçirilən İƏT və Ərəb Liqasının birgə zirvə toplantısında o, xüsusilə enerji və malların ixracı, diplomatik təmaslar sahəsində “məhdud müddətli kəsinti”nin də güclü mesaj olacağını söyləmişdi.

Dini lider bəzi müsəlman dövlətlərini – xüsusilə İsraillə normallaşma prosesinə daxil olan Birləşmiş Ərəb Əmirliklərini, Mərakeşi, Misiri və İordaniyanı sərt tənqid edərək, onların mövqeyini “İslam aləminə xəyanət” kimi qiymətləndirib. Halbuki dini liderin kimsəni tənqid etmək haqqı yoxdur, çünki xəyanət edən elə onun özüdür. Onun fikrincə, Qəzzada baş verənlərə qarşı real təzyiq yalnız əlaqələrin dayandırılması yolu ilə mümkündür. Dini təəssübkeşliyi bir kənara atan yaramaz mollalar üçün müqəddəs heç nə yoxdur. Dediyimiz kimi, biz bunu Birinci və İkinci Qarabağ müharibələrində gördük. Hər vaxt müsəlman aləminə xəyanət edən İran başqalarından sədaqət umur. Sədaqəti isə qazanmaq lazımdır.

Tehran üçün bu mövzu sırf ideoloji deyil, həm də geosiyasi çəkisi olan məsələdir. Çünki regionda özünün təkləndiyini görür və özünə tərəfdarlar axtarır. Kim ona tərəfdar olacaq? Rusiyadan başqa heç kim. İş ”bərkə düşəndə” o da kənara çəkiləcək. On iki günlük müharibə bunu açıq göstərdi. İsraillə on iki günlük müharibədə heç bir ölkə İrana real dəstək vermədi. Tehran və digər şəhərlər, hərbi bazalar, atom silahının hazırlandığı baza bombalanıb darmadağın edildi. İran rəhbərliyi İsrailin bölgədəki mövqelərini zəiflətmək üçün diplomatik təzyiqi prioritet elan edib və bunu regional siyasətin ayrılmaz hissəsi kimi təqdim edir. Xameneinin son bəyanatı isə göstərir ki, İran diplomatiyası bundan sonra da əsas hədəfini İsrailin təcrid olunması üzərində quracaq. Çətin ki, bunun bir  faydası olsun. Çünki İsrailin yanında ABŞ var. Bəs İranın yanında kim olacaq? Keçən müharibə açıq göstərdi ki, heç kəs. Özü dünyadan təcrid vəziyyətdə gün keçirən imperiyanın süqutuna çox vaxt qalmayıb. Təcavüzkar siyasəti və hərəkətləri ilə müxtəlif dinlərdən olan ölkələri özündən incik salıb. Bəziləri ilə düşmən münasibət onu təhlükəli vəziyyətə gətirib.  Bütün deyilənlərə baxmayaraq, Azərbaycan İsrail-İran münaqişəsində tərəf tutmur və məsələnin danışıqlar yolu ilə həll edilməsinə töhfə verməyə çalışır.

Hər kəs etdikləri üçün yalnız özü cavabdehlik daşıyır. İndi İranın hesab vermə vaxtıdır.

Vəli İlyasov, “İki sahil”

Seçilən
22
ikisahil.az

1Mənbələr