AZ

Savaş Polşaya sıçradı - Trampın sanksiya zərbəsi üçün Putinin ən həssas dövrü yetişdi...


Polşa hava hücumundan müdafiə qüvvələrini işə salaraq, ölkənin hava məkanını pozan pilotsuz uçuş aparatlarını məhv edib. Bu haqda Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat verib. Məlumatda deyilir ki, Rusiyanın Ukraynaya hava zərbələri zamanı ölkənin hava məkanını dronlara bənzər obyektlər dəfələrlə pozub.

Polşa hərbçiləri bu obyektləri məhv etmək üçün silaha əl atıblar. Hərbi əməliyyatın davam etdiyi bildirilib. Polya, Mazoviya və Lublin vilayətlərinin sakinlərini evdən çıxmamağa çağırıblar.

Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamisz deyib ki, düşmən obyektlərə qarşı silahdan istifadə olunub. Polşanın baş naziri Donald Tusk da ordunun obyektləri vurduğunu söyləyib. NATO üzvü Polşa alyans komandanlığı ilə daimi təmasda olduğunu bildirib. Tusk NATO-nun baş katibi Mark Rutteyə ölkənin hava məkanını pozan bir neçə PUA-nın məhv edilməsi barədə məlumat verib: “NATO-nun baş katibinə mövcud vəziyyət və hava məkanımızı pozan obyektlərə qarşı gördüyümüz tədbirlər barədə məlumat verdim. Daimi təmasdayıq”. “Reuters” agentliyi ABŞ mülki aviasiya idarəsinə istinadla Polşanın dörd aeroportunun, o cümlədən Varşavadakı Şopen adına aeroportun fəaliyyətinin dayandırıldığını bildirib. Daha öncə də Ukraynaya hücumlar vaxtı Rusiya dronlarının Polşanın hava məkanını pozması barədə məlumatlar olub. Amma ilk dəfədir havadan müdafiə qüvvələri dronları məhv etmək üçün işə salınır. Məsələ ilə bağlı ABŞ senatoru Dik Durbin qeyd edib ki, Rusiya dronlarının NATO hava məkanını dəfələrlə pozması prezident Vladimir Putinin Polşa və Baltik ölkələrini qorumaq mövqeyimizi sınağa çəkməsinə işarədir. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı son ölümcül hücumları fonunda hava məkanının pozulması gözardı edilə bilməz. ABŞ Nümayəndələr Palatasının üzvü Co Vilson isə bildirir ki, Kremlin bu cür hərəkətləri ABŞ-ın NATO üzrə müttəfiqinə hücum kimi şərh edilə bilər: “Bu, müharibə aktıdır”. O, həmçinin “müharibə cinayətkarı Putinin” təcavüzünə çevik reaksiya verdikləri üçün NATO müttəfiqlərinə təşəkkür edib. Uilson Trampı təkcə “Rusiya döyüş maşını”na qarşı yeni sanksiyalar tətbiq etməyə deyil, həm də Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın dərinliklərinə zərbə endirməsi üçün Ukraynanı müasir silahlarla təmin etməyə çağırıb . Onun sözlərinə görə, baş verənlər göstərdi ki, Putin təkcə Ukrayna ilə məhdudlaşmır, NATO-nun qətiyyətini sınaqdan keçirir: “Azad və firavan xalqlar Rusiyaya sərhədlərin nə olduğunu öyrədəcək”.

Bu şəraitdə Qərbdə qəbul edilir ki, Rusiyanı artıq sanksiyalrala dayandırmaq mümkün deyil, hərbi cavab da olmalıdır. Qərb mediası bu durumda Vladimir Putinin avqustun 15-də Alyaskada ABŞ-dən həmkarı Donald Trampla görüşdən və avqustun sonu sentyabrın əvvəlində Çindəki görüşlərdən sonra mövqeyinə diqqət çəkir. “Foreign Affairs” dərgisi Alyaska sammiti ilə 1986-cı ildə ABŞ prezidenti Ronald Reyqanla sovet lideri Mixail Qorbaçovun Reykyavik görüşü arasında paralel aparır. Müəllif Bayden administrasiyası dövründə müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi işləyib. İslandiyada liderlər silahlanma yarışını, ötən ay isə Ukrayna müharibəsini dayandırmaq üçün bir araya gəlmişdilər. Hər iki halda danışıqlar alınmayıb: “Amma hər iki sammitin Kreml üçün dərin nəticələri oldu... İslandiya sammitindən sonra Qorbaçovun ölkəsinin süqutu sürətləndi... Putin isə, əksinə, qalib kimi görünür. Tramp Ankoricdə Rusiya liderini qırmızı xalıda qarşıladı, “fantastik” əlaqələrindən söz açdı. Putin heç bir güzəştə getmədi. Bundan sonra Tramp müharibənin sonlandırılması üçün məsuliyyəti Ukraynanın üzərinə yıxdı. Alyaska sammiti Putinin giley-güzarını legitimləşdirməyə kömək etdi, işğala şübhə edən rusiyalıların belə onun ədalətli olmasına inanmağına əsas verdi. Putin üçün bu sammit Ukraynada sülhə görə lazım deyildi. Onun məqsədi beynəlxalq sistemi öz iradəsinə tabe etdirmək, ölkəsində monopoliyasını saxlamaq idi”. Rusiya prezidenti Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammitində və hərbi paradda iştirak edəndən sonra sentyabrın 5-də Vladivostokda Şərq İqtisadi Forumuna qatılıb. O, Ukraynadakı müharibəni və Rusiyanın iqtisadi durumunu müzakirə edib. Osloda yerləşən Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun aparıcı araşdırmaçısı Pavel Bayev yazır ki, Kremlin bu forumu keçirməkdə niyyəti Rusiyanın Çindən asılı olmadığını göstərmək ola bilərdi. Amma tədbirə Asiyadan tərəfdaşların zəif iştirakı, ölkənin aşırı ambisiyalı ixrac hədəfləri Moskvanın regional iqtisadi strategiyasının hüdudlarını ortaya qoyub. Müəllif yazır ki, Rusiya rəsmiləri getdikcə ölkənin iqtisadi durumunu xarakterizə etməyə çətinlik çəkirlər. “Sberbank”ın rəhbəri, Putinin çoxdankı dostu Qerman Qref “texniki durğunluq” ifadəsini təklif edib. Putin isə “yumşaq, sakit” enişə baxmayaraq, iqtisadiyyatın böyüməkdə olduğunu deyib. Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina Putinə birbaşa zidd getməkdən çəkinsə də, mümkün inkişaf ssenarilərindən danışıb; ən əsas ssenariyə görə, çox zəif iqtisadi artım qalır, bu il əsas faiz dərəcəsi 19 faiz səviyyəsində saxlanır, 2026–2027-ci illərdə tədricən endirilir. Bu halda Donald Tramp Rusiyaya sanksiyaların ikinci mərhələsinə hazır olduğunu deyib. İndiyədək Qərbin sanksiyaları Moskvanın Ukraynadakı təcavüzkar müharibəsini dayandıra bilməyib. Yeni sanksiyalarla bu hədəfə çatmaq mümkün olacaqmı? “The Guardian” qəzetində Cennifer Rankin yazır ki, 2022-ci ilin fevralında müharibə başlayandan Kiyevin Qərb müttəfiqləri 2500-dən çox fərdə və hüquqi şəxsə, o cümlədən Putinin özünə, nazirlərinə, oliqarxlara sanksiyalar tətbiq edib. Rusiya Mərkəzi Bankının 335 milyard dollarlıq aktivləri dondurulub; Rusiya bankları beynəlxalq maliyyə sistemindən çıxarılıb. Amma Rusiya enerji satışı, Qərbdə yerləşməyən ölkələrdəki araçıların sanksiyalı məhsulları satması vasitəsilə ayaqda qalır. Sanksiyalar Rusiya iqtisadiyyatına ziyan vursa da, iqtisadiyyat hərbi xərclər hesabına da olsa, böyüməkdədir. Stokholm Keçid İqtisadiyyatları İnstitutunun direktoru Torbyorn Bekkerin proqnozuna görə, Rusiya 2026-cı ilin sonunadək müharibəni indiki səviyyədə saxlamağa çalışacaq. Elə bugünlərdə Ukraynadakı müharibədə eskalasiya müşahidə olunur, hava zərbələri davam edir. ABŞ və Aİ-nin aparıcı rəsmiləri ikinci dərəcəli, yəni Rusiyaya sanksiyalardan yayınmağa kömək edən ölkələrə qarşı tədbirləri dəstəkləyirlər. Bu isə əlavə transatlantik gərginliyə yol açar. Müəllif yazır. Məsələn, ABŞ Hindistana 50 faizlik tarif etsə də, Brüssel Yeni Dehli ilə ticarət sazişi bağlamaq istəyir.

Nahid SALAYEV

Seçilən
3
baki-xeber.com

1Mənbələr