AZ

İki Amerika nəhəngi 300 milyardlıq müqavilə imzaladı

ChatGPT-ın yaradıcısı OpenAI  Oracle korporasiyası ilə beş il müddətinə süni intellektin (AI) inkişafı üçün hesablama gücünün alınması üçün 300 milyard dollarlıq müqavilə imzalayıb. Musavat.com xəbər verir ki, məlumatı “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən yayıb.

Bildirilir ki, Oracle-ın yeni gəlirlərinin böyük hissəsi OpenAI ilə sövdələşmədən əldə olunan gəlirlə bağlıdır. Müqavilənin məbləği OpenAI-nin cari gəlirini xeyli üstələyir və bulud hesablamaları sahəsində indiyə qədər əldə edilən ən böyük sövdələşmələrdən biridir. Qeyd edilir ki, belə bir məlumat mərkəzinin işləməsi üçün 4,5 giqavat güc tələb olunacaq ki, bu da təxminən 4 milyon evin enerji sərfiyyatına bərabərdir.

Bundan əvvəl Bloomberg məlumat vermişdi ki, Oracle-ın həmtəsisçisi Larri Ellison şirkətin səhmlərinin sürətlə artması fonunda sahibkar İlon Maskı geridə qoyaraq ilk dəfə dünyanın ən varlı adamı olub. Artımın səbəbi şirkətin 2025-ci maliyyə ilinin birinci rübü üçün maliyyə hesabatı olub. Buna əsasən, Oracle-ın gəliri 12 faiz artaraq 14,9 milyard dollara, gələcək öhdəliklərin (RPO) həcmi isə 359 faiz artaraq 455 milyard dollara çatıb. Şirkət nəticələrini Oracle buludunda süni intellekt təlimi üçün bir neçə milyard dollarlıq müqavilənin bağlanması ilə izah edib.

 

Musavat.com

Seçilən
19
musavat.com

1Mənbələr