AZ

İlham Əliyevin sülh gündəliyi

Bunun reallaşması Cənubi Qafqazın ümumi inkişafına və rifahın yüksəlməsinə yol açacaq

Regionda yeni reallıqların formalaşması Cənubi Qafqazın gələcəyi üçün mühüm perspektivlər açır. ABŞ-də keçirilən tarixi görüşdə Azərbaycan və Ermənistan arasında sülhə doğru atılan addımlar, Zəngəzur dəhlizinin (TRIPP) açılması ilə bağlı razılaşmalar yalnız iqtisadi deyil, həm də siyasi qələbə kimi qiymətləndirilir. Artıq hər iki tərəfdə hesab edilir ki, bölgədə uzun müddətdir gözlənilən sülh yaxınlaşır. Avqustun 8-də Vaşinqtonda baş verən hadisələr iki ölkə arasındakı gərginliyin sonu oldu.

Prezident İlham Əliyevin Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində söylədiyi kimi, Ağ Evdə paraflanmış sənəd Ermənistan-Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır.

Bu sənəd iki dövlət arasında uzunmüddətli hərbi münaqişəyə son qoyub, diplomatik münasibətlərin qurulmasına və davamlı sülhə əsaslanan əməkdaşlığın inkişafına yol açdı. Azərbaycan və Ermənistan arasında unikal sazişin imzalanması iki ölkənin liderini tam siyasi iradə və strateji uzaqgörənlik nümayiş etdirməyə inandıra bilən ABŞ Prezidenti Donald Trampın enerjili və səmərəli vasitəçilik missiyası sayəsində mümkün oldu.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Beyin Mərkəzləri Forumunun (AQEM-in) Bakıda keçirilən 13-cü sessiyasının iştirakçılarına ünvanlağığı məktubda da bu məsələyə toxunan Prezident İlham Əliyev prosesi belə dəyərləndirib: "Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda təşviq etdiyimiz sülh gündəliyi xarici siyasətimiz üçün yeni üfüqlər açır və onun daha qlobal xarakter daşıması baxımından mühüm amil rolunu oynayır. Keçən ay Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması həm bölgə, həm də daha geniş coğrafiya üçün əlverişli imkanlar yaradır".

Həqiqətən də Azərbaycanın regionda təşviq etdiyi sülh gündəliyi, xüsusilə Vətən müharibəsindəki Zəfərimizdən sonra yaranmış yeni geosiyasi reallıqlar fonunda Cənubi Qafqazda sabitlik və əməkdaşlıq üçün mühüm imkanlar açır. Bu, xüsusən də regional nəqliyyat və kommunikasiya layihələri, Zəngəzur dəhlizi (TRIPP) və digər nəqliyyat infrastrukturları, region ölkələri arasında iqtisadi əlaqələrin inkişafını sürətləndirə bilər. Bu layihələr hansı ki, Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsini təmin edəcək, Türkiyə, İran, Rusiya və Mərkəzi Asiya ölkələri ilə logistikanı gücləndirəcək. Yəni ümumilikdə götürdükdə regionun tranzit potensialını artıracaq.

Sülh gündəliyinin reallaşması isə ilk növbədə iqtisadi inkişaf və əməkdaşlıq imkanlarını genişləndirəcək.  Bununla da xarici sərmayələrin bölgəyə cəlb olunmasına şərait yaranacaq, işğaldan azad olunan ərazilərimizin bərpası və reinteqrasiyası prosesində çoxsaylı iqtisadi layihələrin icrasına imkan verəcək. 

Həmçinin Azərbaycan, Ermənistan və Gürcüstan arasında mümkün iqtisadi platformaların formalaşmasına zəmin yaradır.

Azərbaycanın sülh təşəbbüsləri həm də siyasi sabitlik və diplomatik yaxınlaşmanı formalaşdıracaq. Eyni zamanda bu sülh gündəliyi Cənubi Qafqazda gərginliyin azalmasına və qarşılıqlı etimadın qurulmasına xidmət, üçtərəfli və çoxtərəfli əməkdaşlıq formatlarının formalaşmasını təşviq edir.

Bununla yanaşı Azərbaycanın regionda təşviq etdiyi sülh gündəliyi yalnız ikitərəfli münasibətlərin normallaşması deyil, həm də Cənubi Qafqazın ümumi inkişafı və rifahı üçün bir platformadır. Bu gündəliyin reallaşması, bölgəni uzunmüddətli sülh, sabitlik və tərəqqiyə aparacaq mühüm bir fürsətdir.

Sülh gündəliyinin mühüm hissələrindən biri də Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləridir. Bu bölgələrdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, "ağıllı kənd"lər, "yaşıl enerji" zonaları,  təkcə iqtisadi deyil, həm də sosial reinteqrasiyanın mühüm alətləridir. Bu layihələr, yalnız regionun ekoloji və iqtisadi inkişafını təmin etməyəcək, həm də beynəlxalq sərmayəçilərin cəlb olunması üçün müsbət mühit yaradacaq. Qarabağda həyata keçirilən bərpa işləri, dövlət komissiyası tərəfindən idarə olunur və burada həm yerli əhalinin işlə təmin edilməsi, həm də ərazilərin beynəlxalq standartlara uyğunlaşdırılması üçün mühüm addımlar atılır. 

Azərbaycanın təşviq etdiyi sülh gündəliyi münaqişələrin bitməsi ilə yanaşı, yeni imkanların yaradılmasına da xidmət edir. Bu imkanlardan düzgün istifadə etmək isə bütün region ölkələrinin siyasi iradəsinə, əməkdaşlıq əzminə və gələcəyə baxışına bağlıdır. Sülh yalnız silahların susması deyil - inkişaf, əməkdaşlıq və insan rifahı üçün açılan yeni səhifədir.

Azərbaycanın sülh təşəbbüsü regiona marağı artıracaq. Azərbaycanın bu sahədəki fəaliyyəti yalnız ölkənin regional və beynəlxalq gücünü artırmaqla qalmır, həm də digər dövlətlərin, beynəlxalq təşkilatların, daha geniş miqyasda regional təhlükəsizlik məsələlərinə olan diqqətini cəlb edir.

Rəsmi Bakı tərəfindən irəli sürülən təşəbbüslər Cənubi Qafqazda sabitlik, inkişaf və əməkdaşlıq üçün real platforma yaradır.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Seçilən
43
azerbaijan-news.az

1Mənbələr