AZ

Siyasi müdrikliyin təntənəsi

Müasir Azərbaycanın qurucu lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqillik və azadlıq mübarizəsi onun siyasi varisi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və bütün torpaqlarımız üzərində milli suverenliyimizin təmin olunması ilə özünün ən yüksək zirvəsinə çatdı.

Ulu Öndər Heydər Əliyev ikinci dəfə respublikamızda siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycan Qərb və Rusiya arasında balanslaşdırılmış siyasət yürütdü, iqtisadi və hərbi potensialını möhkəmləndirdi. Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurla həyata keçirdikləri strategiya Azərbaycanın milli və regional maraqlarını qorumaq üçün möhkəm strateji təməl yaratdı. Eyni zamanda Prezident İlham Əliyevin çevik diplomatiyası Naxçıvanın tarixi rolunu daha da gücləndirir, Zəngəzur dəhlizinin (TRIPP) reallaşmasını şərtləndirir, regionun geosiyasi və iqtisadi xəritəsini köklü şəkildə dəyişdirir.

Zəngəzur dəhlizi (TRIPP) yalnız Azərbaycan və türk dünyasının deyil, bütövlükdə Avropadan Asiyaya qədər uzanan geniş məkanın strateji maraqlarına cavab verən qlobal layihədir. Beləliklə, Azərbaycan təkcə regionun aparıcı dövləti deyil, həm də Avrasiyada əməkdaşlıq və sülhün yeni arxitekturasını formalaşdıran qlobal oyunçuya çevrilmişdir.

Cənab İlham Əliyevin böyüklüyü ondadır ki, o, ölkəmizin strateji imkanlarını realizə edərək, Azərbaycanı regionun lokomotivinə, sülh və əməkdaşlığın əsas dayağına çevirmişdir. Əsl liderlik yalnız gücü nümayiş etdirmək deyil, həm də onu hüquqa çevirmək və beynəlxalq legitimlik qazanmaq bacarığıdır. "Güc yalnız hüquqa çevriləndə dayanıqlı olur" prinsipini cənab İlham Əliyev praktik siyasətə tətbiq edərək, Azərbaycanın milli maraqlarını beynəlxalq hüququn təməl prinsipləri ilə uzlaşdırmışdır.

Azərbaycan-ABŞ münasibətləri iki dövlətin prezidentləri İlham Əliyevin və Donald Trampın iradəsi ilə yeni mərhələyə qədəm qoyub. Vaşinqtonda keçirilən üçtərəfli görüş və sülh sazişi layihəsinin paraflanması sadəcə diplomatik prosedur deyil. Bunlar Cənubi Qafqazda yeni siyasi şəraitin yaranmasına yol açıb. Yeni şərait isə regionda davamlı sülhün təmin olunmasına zəmanət verir. Aristotelin dediyi kimi: "Ədalət olmadan sülh davamlı ola bilməz".

2025-ci ilin avqustunda imzalanan Vaşinqton razılaşmaları Azərbaycanın xarici siyasətində yeni bir mərhələ oldu. Bu razılaşmalar Zəngəzur dəhlizinin (TRIPP) açılmasını təmin edir, Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsini möhkəmləndirir və regionun iqtisadi xəritəsini dəyişdirir. Zəngəzur dəhlizi (TRIPP) layihəsi təkcə iqtisadi deyil, həm də Azərbaycanın qəti iradəsinin, diplomatik məharətinin və xalqımızın birliyinin təntənəsidir. Ən önəmlisi isə odur ki, bu razılaşma böyük dövlətlərin də maraqlarına cavab verərək, regionun sabitliyinə beynəlxalq təminat gətirir.

Siyasət gələcəyi qabaqcadan görmək və onu xalqın xeyrinə çevirmək sənətidir. Bu prinsip Prezident İlham Əliyevin siyasi fəaliyyətində parlaq şəkildə təsdiqini tapmışdır. Bu baxımdan Vaşinqton razılaşmaları Azərbaycanın diplomatik zəfəri, milli iradənin qələbəsi və müdrik İlham Əliyev liderliyinin təntənəsidir. Azərbaycanın uğuru yalnız iqtisadi tərəqqi, hərbi güc və strateji diplomatiya ilə məhdudlaşmır, həm də zamanı düzgün idarə etmək bacarığında özünü göstərir.

Biz tarixi öz xeyrimizə çevirdik, regionda sülh və əməkdaşlıq üçün yeni imkanlar açdıq və bu uğurlar gələcək nəsillərə örnək olacaqdır. Zəngəzur dəhlizinin (TRIPP) reallaşması Azərbaycanın hərbi zəfərlərini diplomatik qələbələrlə tamamlaması və ölkəmizin bütün istiqamətlər üzrə regional logistik mərkəzə çevrilməsinin parlaq göstəricisidir.

Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Seçilən
15
azerbaijan-news.az

1Mənbələr