AZ

Azərbaycan həmişə müstəmləkəçiliyin, işğalın əleyhinə olub

Dünyanın harasında müstəmləkəçilik varsa, ona qarşı mübarizə də var. Bəzən müstəmləkəçiliyə qarşı mübarizə illərlə çəkir, azadlığa, müstəqilliyə qovuşanadək davam edir. Təəssüflər olsun ki, yaşadığımız XXI əsrdə də böyük gücə malik dövlətlər müstəmləkəçilik siyasəti yürüdür, yeraltı və yerüstü sərvətlərlə zəngin olan bölgələri ələ keçirərək bu ərazilərdəki ölkələrə qarşı imperialist siyasəti həyata keçirirlər. İnsanların azadlıq və müstəqillik arzularını güc vasitəsi ilə susdurur. 

Zaman-zaman Asiya və Afrika ölkələri və xalqları da müstəmləkəçilik siyasətinin ağrı-acıları ilə yaşamalı olublar. Güclü, qüdrətli dövlətlər tərəfindən işğala məruz qalıblar, istismar olunublar. Asiya və Afrika ölkələrinin tarixi ümumdünya tarixinin ayrılmaz, onunla sıx bağlı olan tərkib hissəsidir. Bu ölkələrin keçdiyi tarixi yola nəzər salarkən Avropa müstəmləkəçilərinin Asiya və Afrika ölkələrinə ayaq açmamışdan əvvəl bu yerlərdə məhsuldar qüvvələrin ləng inkişafı, ingilis - sakson millətlərinin Şərq xalqlarından irqi üstünlüyü və sairlər haqqında olan sərsəm fikirləri həqiqəti əks etdirmir.  Bütün bunlar müstəmləkəçilik siyasəti yürütmək üçün, sadəcə olaraq əldə bir bəhanədir. 

Tarixi təcrübə göstərir ki, nə heç bir dövlət, nə də xalq könüllü olaraq müstəmləkəçiliyə, istismara boyun əymir. Bunu ona zor gücünə, silah gücünə qəbul  etdirirlər. Müstəmləkəçilik siyasətinin qurbanı olmuş xalqlar müstəqillikləri uğrunda mübarizəyə qalxır, kömək üçün dünyaya səslənirlər. Bir çox ölkələr isə azadlığı, müstəqilliyi zorla əlindən alınmış dövlətlərə, xalqlara kömək göstərir, onların yanında olmağa can atır.

Getdikcə iqtisadi gücü artan, regionda söz sahibinə çevrilən, beynəlxalq aləmdə böyük nüfuz sahibi olan qüdrətli Azərbaycan da belə dövlətlərdən biridir. Rəsmi Bakı Qoşulmama Hərakatının üzvü və sədri kimi də müstəmləkəçiliyə və neokolonializmə qarşı mübarizə aparıb. Və bu gün də mübarizəsini uğurla davam etdirir.

1955-ci ildə Bandunqda keçirilmiş Asiya-Afrika Konfransı Qoşulmama Hərəkatının yaradılması istiqamətində ilk addımlardan biri idi. Konfransda elan olunan dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək, digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək, qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək də daxil olmaqla ümumilikdə 10 prinsipdən ibarət tarixi "Bandunq Prinsipləri" QH-nin ideoloji əsasını təşkil edir.  Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatının tamhüquqlu üzvü olub. Üzv olandan indiyə qədər hərəkatın fəaliyyətinə önəmli töhfələr verib. 2016-cı ildə Qoşulmama Hərəkatının Venesuelada keçirilmiş Zirvə toplantısında hərəkatın üzv dövlətləri yekdilliklə Azərbaycanın təşkilatın növbəti sədr ölkəsi seçilməsinə razılıq vermişdi. Azərbaycanın Qoşulmama Hərəkatında 2019-2022-ci illər üçün sədrliyi 2019-cu il oktyabrın 25-26-da keçirilən Bakı Zirvə Toplantısında başlamışdır. Daha sonra üzv dövlətlərin yekdil qərarı ilə sədrliyimiz bir il də uzadılmışdır. Azərbaycan sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafına xüsusi önəm vermişdir. Prezident İlham Əliyev bununla bağlı demişdir: "İnstitusional davamlılığa doğru atılan bu addımlarla biz növbəti sədrlərə mütləq uğurlu bir miras qoyacağıq".

Qoşulmama Hərəkatı ilə yanaşı, Azərbaycan  6 iyul 2023-cü ildə yaradılmış Bakı Təşəbbüs Qrupu  vasitəsi ilə  də dekolonizasiya və insan hüquqları sahələrində mübarizəsini davam etdirib. Qrupun məqsədi müstəmləkəçilikdə olan dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq və müstəqillik uğrunda apardıqları mübarizəyə dəstək verməkdir. 22 sentyabr 2023-cü ildə qrup tərəfindən BMT-də "Dekolonizasiya: Sakit inqilab" mövzusunda konfrans keçirilmişdir. 20 oktyabr 2023-cü ildə isə qrupun təşəbbüsü ilə 14 ölkənin, Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin, həmçinin Korsikanın təmsilçilərinin iştirak etdiyi "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" adlı beynəlxalq konfransı dünya mediasının diqqət mərkəzində olmuşdur.  Keçirilən konfranslarda Fransanın müstəmləkəçiliyindən əziyyət çəkən xalqların və ölkələrin haqlarının qorunması, onların təbii hüquqlarının təmin edilməsi kimi məsələlər müzakirə edilmişdir. Buna görə də təşkilat Fransa tərəfindən daim təzyiqlərlə üzləşmişdir. Buna baxmayaraq, Azərbaycan Asiya və Afrika xalqlarının müstəqillik uğrunda mübarizəsinə dəstəyini davam etdirir.  

Beynəlxalq tədbirlər mərkəzinə çevrilən Azərbaycan öz yüksəksəviyyəli təşkilatçılığı ilə də diqqəti çəkir. Belə tədbirlərə təşkilatçılıq etmək ölkəmizin dünyadakı mövqeyini daha da gücləndirir. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun (SIIS) birgə təşkilatçılığı ilə paytaxtımızda keçirilən "İnkişaf və Təhlükəsizliyin Rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə" mövzusundakı ikigünlük forum əvvəlki beynəlxalq tədbirlərin davamıdır.

Prezident İlham Əliyev forum iştirakçılarına müraciət ünvanlayıb. Dövlətimizin başçısı  müraciətində Asiya və Afrika xalqlarının üzləşdikləri müstəmləkəçilik siyasətindən bəhs edərək bildirmişdir ki, qlobal Cənubun tarixən üzləşdiyi ədalətsizliklərdən biri də Asiya və Afrika xalqlarının taleyində ağrılı izlər buraxmış müstəmləkəçilik siyasəti olmuşdur. Azərbaycan müasir dövrdə müstəmləkəçiliyin utancverici mirasının aradan qaldırılması və neokolonializm təzahürlərinin ifşa olunması sahəsində yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Biz bu vacib məsələ ilə əlaqədar beynəlxalq həmrəyliyin səfərbər edilməsi yolunda səylərimizi bundan sonra da qətiyyətlə davam etdirəcəyik. "Hesab edirik ki, Qlobal Cənub ölkələri yeni ədalətli dünya nizamının formalaşdırılmasında yaxından iştirak etməli və bu işə öz töhfələrini verməlidirlər. Bu xüsusda BMT-də müvafiq islahatların aparılması, Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri sırasında Qlobal Cənub ölkələrinin təmsil olunmasının təmin edilməsi çox vacibdir. TŞ artıq günümüzün reallıqları ilə uzlaşmayan təsisata çevrilib. Azərbaycan vaxtilə işğal olunmuş torpaqlarının azad edilməsinə çağıran, lakin sadəcə kağız üzərində qalmış TŞ qətnamələrinin icrasını özü təmin etmiş bir ölkə kimi bunu çox gözəl anlayır".

Azərbaycan daim müstəmləkəçiliyin, işğalın, istismarın əleyhinə olub. Həmişə də qətiyyətli sözünü deyərək azadlığı, müstəqilliyi zorla əlindən alınmış, haqqı tapdalanmış dövlətlərə, xalqlara dəstək durub. İnkişaf etmiş bütün dövlətləri də dünyanın müxtəlif bölgələrində hökm sürən müstəmləkəçiliyə, neokolonializmə qarşı mübarizəyə çağırıb. Azərbaycanın bu mövzudakı çağırışları cavabsız qalmayıb və heç vaxt da qalmayacaq.   

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Seçilən
37
azerbaijan-news.az

1Mənbələr