AZ

Gənclər evlənmək istəmirlər, dünyanı gəzməyi üstün tuturlar - SƏBƏB?

Xaricdəki beyin mərkəzləri bəşəriyyətin süqutunu yaxınlaşdırmaqda sanki maraqlıdır

“Avropa ölkələrinə nə var ki? Onlar yüzillərdir belə yaşayırlar. Lakin bizim Şərq ölkəsi olaraq, həm də möhtəşəm ailə dəyərlərinə sahib xalq kimi bunu qurban verməyə haqqımız yoxdur”

Fransanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən yayımlanan son araşdırmaya əsasən, müasir dövrün gənc nəsli ənənəvi evlilik anlayışına əvvəlki qədər maraq göstərmir. Araşdırma nəticələri göstərir ki, gənclər evlənməkdənsə, dünyanı gəzməyi, fərqli ölkələri kəşf etməyi və müxtəlif mədəniyyətlərlə tanış olmağı üstün tutur. Artıq bir çox gənc evliliyi məcburi bir addım kimi deyil, şəxsi qərar və seçim kimi dəyərləndirir. 

Təşkilatın apardığı araşdırma gənclərin evlilikdən imtina etmə səbəblərini də açıqlayır. Gənclər evliliyin məsuliyyət və öhdəliklərindən çox, fərdi inkişaf, karyera qurmaq və dünya görüşünü genişləndirmək istəyir. Bu da onların ailə qurmaqdan çox şəxsi arzularının ardınca getməsinə səbəb olur. Gənclərin bu seçimində səyahət etmək, yeni yerlər kəşf etmək, fərqli insanlarla tanış olmaq və unudulmaz xatirələr toplamaq əsas rol oynayır. Belə həyat tərzi onlara həm şəxsi inkişaf, həm də geniş dünyagörüşü qazandırır.

Sosioloq Mətanət Məmmədova Sherg.az-a açıqlamasında qeyd etdi ki, xarici ölkələrdəki beyin mərkəzlərindən bəziləri bəşəriyyətin süqutunu yaxınlaşdırmaqda sanki maraqlıdır. Gəncləri ailələrindən, cəmiyyətlərdən təcrid etmək, oturuşmuş milli dəyərləri aşağılayaraq “müstəqil, azad həyat”ı təbliğ edən təhlükəli reklam və çağırışlarla insanların düşüncələrinə hakim kəsilirlər: 

- Çox təəssüf ki, artıq bizim ölkəmizdə də gənclər evliliyi axırıncı plana keçirməyə başlayıb. Bu məsələdə onlar günahkar deyil. Yaşadığımız dövrdə beyinlərinə yeridilənlər, hər addımda rastlaşdıqları reklamlar, məsələn,“dünyanı gəz, fərqliliyi hiss et”, “müxtəlif mədəniyyətlərlə tanış ol”, “karyeranı qurmağa tələs” kimi onlarla çağırış təbii ki, gənclərin ailə qurmasını ertələyəcək. Düzdür, bu, hələ ki qərb ölkələri ilə müqayisədə bizim ölkədə daha azdır. Lakin görünən odur ki, yaxın gələcəkdə çoxsaylı gənc bu fikirdə olacaq və evlənmək üçün tələsməyəcək.

Sosioloq qeyd etdi ki, qeyri-rəsmi institutlar var ki, illərdir müxtəlif cəmiyyətlərdə ənənəvi dəyərlərə zərbə endirməklə məşğuldur: 

- Budur, bax, bu gün Azərbaycan gəncinin ailə qurmağı ön plandan arxa plana keçirməsi də həmin institutların apardığı gərgin işlərin nəticəsidir. Bu gün Azərbaycan gənci, istər oğlan, istər qız olsun, təhsildən sonra karyera ardınca gedir, elə ki qazanc əldə etdi, dünya ölkələrinə səyahətə başlayır. Beləliklə, evlilik bütün bunlardan sonraya qalır. Bu hal böyük şəhərlərdə regionlara nisbətən daha geniş yayılıb. Çünki regionlarda adət-ənənələr hələ də böyük dəyər kimi qorunub saxlanılır. Yəni gəncin ailə qurmasına birbaşa valideyn nəzarət edə bilir və bu vaxtın ötməməsi üçün əlindən gələni edir. Lakin böyük şəhərlərdə artıq gəncləri əhatə edən mühit, çoxsaylı çağırışların təsir gücü daha böyük olduğundan və geniş imkanlar açdığı üçün onlar evliliyi daha çox ertələyir və həmin çağırışlara doğru gedirlər. Nəticə etibarilə bir vaxtlar bizim ailə dəyərlərimizə həsədlə baxan qərb ölkələrinin dəyərlərini mənimsəməklə minilliklərə dayanan ailə institutunu məhv edir, cəmiyyətimizə yeni “dəyərlər” əlavə edirik. Əslində, səyahət etmək, dünyanı gəzmək, yeni mədəniyyətlərlə tanış olmaq çox təqdirolunası haldır. Lakin ailə qurandan sonra da bunu etmək mümkündür. Lakin bizim gənclərimizi ailə qurmaqdan qorxudurlar, yollarının kəsiləcəyini onlara şüuraltı təlqin edirlər. Ailə-uşağın onlara mane olacağını diktə edirlər. Bu səbəbdən də gənclər səyahət və karyeranı ailədən əvvələ planlaşdırır. Lakin axı ailə qurmağın həm tibbi-bioloji, həm də mənəvi nöqteyi-nəzərdən bir vaxtı var. Bu vaxtı itirmək sağlamlığa, gələcək nəslə zərbə vurur. Odur ki, bizim aidiyyəti qurumlar iş mexanizmini müasir dövrlə elə uzlaşdırmalıdırlar ki, gənclər belə çağırışlara uymasın. Onların qarşısına tutarlı  elmi, tibbi əsaslar qoyulmalı, ailə qurmağın vaxtının ötməsinin zərərləri açıqlanmalıdır. Avropa ölkələrinə nə var ki? Onlar yüzillərdir belə yaşayırlar. Lakin bizim, Şərq ölkəsi olaraq, həm də möhtəşəm ailə dəyərlərinə sahib xalq kimi bunu qurban verməyə haqqımız yoxdur.
Seçilən
67
27
sherg.az

10Mənbələr