BAKI, 11 sentyabr. TELEQRAF
İrəvanda Ermənistan və İran Xarici İşlər Nazirlikləri arasında 13-cü konsulluq məsləhətləşmələri keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, tədbirdə Ermənistan nümayəndə heyətinə Ermənistan XİN-in baş katibi Davit Karapetyan, İran nümayəndə heyətinə isə İran xarici işlər nazirinin müavini Vahid Cəlalzadə rəhbərlik ediblər.
Məsləhətləşmələr zamanı tərəflər 1963-cü il 24 aprel tarixli "Konsulluq münasibətləri haqqında" Vyana Konvensiyasının icrası, eləcə də iki ölkə vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və qanuni maraqlarına dair bir sıra məsələləri müzakirə ediblər.
Həmçinin, məhkəmə-hüquq, ticarət-iqtisadi və elmi-təhsil sahələrində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atılan addımların davam etdirilməsinin vacibliyi vurğulanıb.
Məsləhətləşmələrin yekununda Ermənistan və İran Xarici İşlər Nazirlikləri arasında əməkdaşlığa dair memorandum imzalanıb.