AZ

Türkiyədə “Can Holdinq”ə qarşı böyük əməliyyat! “Habertürk” və “Show TV”yə həbs qoyuldu

İstanbulda Küçükçekməcə Respublika Prokurorluğu Can Holdinqin rəhbərləri - Mehmet Şakir Can, Kemal Can və Kenan Tekdağın da daxil olduğu 10 nəfər haqqında həbs qərarı verib. Holdinqə məxsus Habertürk və Show TV də daxil olmaqla ümumilikdə 121 şirkətə qarşı iddia irəli sürülüb. İttihamların “cinayətkar təşkilat qurmaq”, “qaçaqmalçılıq”, “dələduzluq” və “çirkli pulların yuyulması” olduğu bildirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Prokurorluq məlumat yayıb.

Can Holdinqə daxil olan şirkətlər üzərindən cinayət məqsədli təşkilat yaradılıb. Bu təşkilat vasitəsilə dələduzluq, vergi qaçaqmalçılığı, qanunsuz gəlirlərin şirkət hesablarına yönəldilməsi və həmin pulların yuyulması kimi çoxşaxəli fəaliyyətlər həyata keçirilib.
 

Maliyyə Təhlükəsizliyi Araşdırma Şurası (MASAK) və digər maliyyə qurumlarının hesabatlarına əsasən, şirkətlər üzərindən mənbəyi bəlli olmayan böyük miqdarda vəsait dövriyyəsi aparılıb. Pullar müxtəlif şirkətlər arasında köçürülərək izlər gizlədilib, saxta sənədlər və fiktiv əməliyyatlarla vergi öhdəlikləri azaldılıb.


Araşdırmalara görə, Can Holdinqin rəhbərliyi – Kemal Can və Mehmet Şakir Can – eyni sahədə çoxsaylı şirkət yaradaraq nəzarət mexanizmlərini çətinləşdirib, rəhbərlik dəyişiklikləri ilə məsuliyyəti üzvlər arasında bölüşdürərək hüquqi məsuliyyətdən yayınmağa çalışıb.

Bundan əlavə, fəaliyyət göstərməyən şirkətlərdə kapital artırımı saxta əməliyyatlarla həyata keçirilib. Bu kapital artımı “Varlıq Barışı” qanunu çərçivəsində qanuni kimi göstərilsə də, əslində cinayətdən əldə edilən gəlirin sistemə daxil edilməsi və yuyulması məqsədi güdüb.

MASAK hesabatları göstərib ki, əldə edilən bu qanunsuz gəlirlər təhsil, media, maliyyə və enerji kimi strateji sahələrdə yatırımlara yönəldilib, bununla da həm iqtisadi güc artırılıb, həm də cəmiyyət qarşısında saxta legitimlik qazanmağa cəhd olunub.

121 şirkətin əmlakı və aktivlərinə əl qoyulub, TMSF (Əmanətlərin Sığortalanması Fondu) müvəqqəti idarəçi (kayyım) təyin olunub.

10 nəfər haqqında həbs qərarı çıxarılıb.

Habertürk, Show TV və Bloomberg TV-nin də yerləşdiyi binalarda axtarışlar aparılır.

Xatırladaq ki, Turgay Ciner 2024-cü ilin dekabrında Habertürk və Show TV-də daxil olmaqla bütün media aktivlərini Can Holdinqə sataraq sektordan çəkilmişdi.


Bizim.Media

Seçilən
28
1
bizim.media

2Mənbələr