Türkiyədə 2026–2028-ci illəri əhatə edən Orta Müddətli Proqram (OMP) açıqlanıb.
Operativ Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, Proqram əmək həyatında mühüm dəyişikliklərin siqnalını verib.
OMP-də qeyd olunan “İş və şəxsi həyatın balansının, həmçinin işçi məhsuldarlığının artırılması istiqamətində iş günlərinin tənzimlənməsi üçün pilot layihə həyata keçiriləcək”-xüsusi diqqət çəkir. Ekspertlər bunu həftədə 4 günlük iş rejimin tətbiq ediləcəyi kimi açıqlayıblar. Pilot layihənin 2026-cı ilə qədər yekunlaşdırılması və ilkin mərhələdə müəyyən qurum və təşkilatlarda tətbiq olunması planlaşdırılır. Layihə uğurlu olarsa, həm dövlət, həm də özəl sektorda genişləndirilməsi hədəflənir. Məqsəd işçilərin iş və şəxsi həyat balansını qorumaq, məhsuldarlığı artırmaq və motivasiyanı yüksəltməkdir.
Qeyd edək ki, qısa iş rejimi dünyada getdikcə geniş vüsət alır. Polşa 2025-ci il iyulun 1-dən etibarən həftədə 4 gün (32 saat) və ya 5 gün (35 saat) olmaqla yeni modelə keçib.
İslandiya, Belçika, İspaniya və Yaponiyada da müxtəlif formalarda qısa iş həftəsi sınaqdan keçirilir. Almaniyada 45 şirkət 2024-cü ildə 4 günlük iş sisteminə keçib. Böyük Britaniyada 2023-cü ildə aparılan pilot layihə göstərib ki, 4 günlük iş rejimi işçilərin məmnuniyyətini artırıb və məhsuldarlıqda nəzərəçarpacaq azalma olmayıb.