Təyyarə ilə səyahət zamanı təhlükəsizlik qaydalarına əməl edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən də hər uçuşdan əvvəl stüardessa və stüardlar sərnişinlərə mobil telefonların söndürülməsini və ya “uçuş rejiminə” keçirilməsini xatırladırlar.
Lakin müşahidələr göstərir ki, sərnişinlərin bir qismi bu qaydaya əməl etmir. Onlar telefonlarını söndürmək əvəzinə sosial şəbəkələrdən istifadə edir, hətta “TikTok” və digər platformalarda canlı yayım açaraq bütün səyahəti izləyiciləri ilə bölüşürlər.
Belə hallar isə sual doğurur. Uçuş zamanı mobil telefonlardan istifadə həqiqətən təhlükəlidirmi? Mobil siqnallar təyyarənin naviqasiya və rabitə sistemlərinə necə təsir göstərə bilər? Müasir təyyarələrdə bu təsirlərin qarşısını almaq üçün hansı texniki qoruyucu mexanizmlər mövcuddur?
Məsələ ilə bağlı Publika.az-a danışan "Boeing 787" hava gəmisinin kapitanı Sərxan Məhərrəmov bildirdi ki, mobil telefonlar bu gün üçün hələ də potensial risk mənbəyi hesab olunur:
“Mobil telefonlar elektromaqnit dalğalar buraxır. Bu aktiv radio siqnallar xüsusilə qalxış və eniş zamanı təyyarənin kritik hesab olunan avionika sistemlərinə təsir göstərə bilər. Hazırda 5G şəbəkəsinin işləmə tezlikləri əvvəlki texnologiyalarla müqayisədə daha az təsir edir və ciddi problem yaratmır”.
Pilotun sözlərinə görə, əsas təhlükə mobil telefonların istifadə etdiyi radio tezliklərin təyyarənin avionika sistemlərinin tezlikləri ilə üst-üstə düşməsi nəticəsində yaranır:
“Ən kritik uçuş mərhələləri qalxış və enişdir. Bu zaman təyyarə yerə daha yaxın olur və radio dalğalar yerüstü naviqasiya, rabitə avadanlıqlarına mane ola bilər. Təhlükəsizlik qaydalarına əsasən, bu risklərin qarşısını almaq üçün mobil telefonlar mütləq "Airplane mode"a keçirilməlidir”.
Sərxan Məhərrəmov onu da əlavə etdi ki, tənzimləyici orqanlar hazırda aviasiya sənayesi ilə birlikdə uçuş zamanı mobil telefon zənglərinə icazə verilməsi üzərində çalışırlar:
“Bu istiqamətdə müəyyən addımlar atıldıqdan sonra gələcəkdə uçuş zamanı telefon zənglərinə də icazə verilə bilər”.