AZ

“Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? — Deputatlardan ETİRAZ

Xəbər verdiyimiz kimi, “Bank of Baku” iki il öncə dəm qazından boğularaq dünyasını dəyişən 44 günlük Vətən Müharibəsi qazisi Səbuhi Məmmədovun ailəsini kredit borcuna görə məhkəməyə verib. Bu ilin sentyabrın 1-də Şirvan Şəhər Məhkəməsində məsələyə baxılıb və digər məhkəmə sentyabrın 22-nə təyin olunub.

Onun banka 3 100 manat borcu olub və ailəsi bundan Səbuhinin vəfatından 1 ay sonra xəbər tutub.

Problem işıqlandırıldıqdan sonra bankın bu addımı qınaq obyektinə çevrilib, sosial şəbəkələrdə tənqid edilib.

Qazinin anası Sevinc Məmmədova Bizim.Media-ya açıqlamasında bildirib ki, bank şikayətini geri götürməyib və məhkəməyə xitam verilməyib:

“Xəbər yayılandan sonra mənə adi vətəndaşlarımız pul yığıb kömək etmək istəyirdi. Amma bank mənə zəng etmədi və məhkəmə prosesinin tarixi olduğu kimi qaldı”.

Bizim.Media-ya məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Aqil Abbas deyib ki, bank krediti özü bağlaya bilər:

“Bankın öz qanunları, kredit alanla bağladığı müqavilə qaydaları var. İndi bankın müdirinin ürəyindən, vicdanından asılıdır ki, qazinin borcunu bağlasın. Ürək sahibi olsa, məsələni həll edər. Kimsə ödəyə bilərsə, ödəsin də, yetimə can-can deyən çox olur. Bəlkə, bu banka borcu olan bir qazi deyil, çoxdur. Indi bizim bildiyimiz birdir”.

Milli Məclisin deputatı Fazil Mustafa da həm dövlət qurumlarının, həm də bankın borcun qapadılmasına kömək edə biləcəyini bildirib:

“Məncə, bu məsələdə dövlət qurumlarına müraciət edilsə, borcun qapadılmasını təmin edə bilər. Bank özü də borcu qapada bilər. Əlbəttə, Vətən Müharibəsi qazisidir, borc da böyük məbləğ deyil. Bunu həll etmək mümkündür. Dəfələrlə belə hallar olub və dövlət bunu nəzarətə götürərərk həll edib”.

Məsələ ilə bağlı yenidən “Bank of Baku” ilə əlaqə saxlasaq da, bank bu barədə məlumat vermək istəməyib.

Ötən dəfəki açıqlamada da bank kredit məsələsinin müştəri sirri olduğu bildirərək, əlavə detallar haqqında ictimaiyyəti məlumatlandırmadı. Lakin istər kreditin götürülmə tarixi, istər bankın məhkəmə ərizəsi, istərsə də “Bank of Bank”ın  Sevinc Məmmədovaya olan münasibəti artıq ictimaiyyətə sirr deyil. Geriyə qalan yeganə “sirr” bankın məsələdən yayınması və rəsmi mövqe açıqlamaqdan boyun qaçırmasıdır.

Qeyd edək ki, qazinin anası baş ofisdə olduğu zaman ona bank əməkdaşı hörmətsizlik edib.

Seçilən
11
2
demokrat.az

3Mənbələr