BAKI, 11 sentyabr. TELEQRAF
ABŞ-nin Nyu-York şəhərində Özbəkistan və Sent-Lüsiya arasında diplomatik əlaqələrin qurulmasına dair birgə kommünike imzalanıb.
Teleqraf xəbər verir ki, sənədə iki ölkənin hökumətləri adından Özbəkistanın BMT-dəki daimi nümayəndəsi Uluqbek Lapasov və Sent-Lüsiyanın BMT-dəki daimi nümayəndəsi Menissa Rambali imza atıb.
Tərəflər beynəlxalq təşkilatlar, o cümlədən BMT və onun ixtisaslaşmış qurumları çərçivəsində birgə əməkdaşlığı gücləndirməyə hazır olduqlarını bildiriblər.
Siyasi, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq sahələrinin tapılması məqsədilə ikitərəfli münasibətlərin intensivləşdirilməsi barədə razılıq əldə olunub.
Beləliklə, Karib dənizinin şərqində yerləşən Sent-Lüsiya Özbəkistanla diplomatik əlaqələr quran 163-cü ölkə olub.
Qeyd edək ki, Özbəkistan son olaraq Afrika ölkəsi Eritreya ilə 2025-ci il iyulun 10-da diplomatik əlaqələr qurub.