AZ

Azərbaycan kürünü xaricə neçəyə satır?


Kürünün orta qiyməti 1,777 manat təşkil edib; ekspert deyir ki, rəqabətə davamlı olmasa, sazişlər baş tutmayacaq

Qeyri-neft sektoru məhsullarının ixracında yeni bazarlara çıxış imkanının genişləndirilməsi önəmlidir.  Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyəti sədrinin müavini Ramazan Nəbiyev açıqlamasında bildirib ki, son illərdə Avropa İttifaqı (Aİ) ölkələrinə fındıq ixracına yaşıl dəhliz tətbiq olunub, yun, gön-dəri məhsullarının, akvakulturada yetişdirilən balıq və balıq kürüsü məhsullarının ixracına icazə verilib, bu birlik tərəfindən tanınan istehsal müəssisələrinin sayı 2-dən 12-yə çatdırılıb. 

Bir sıra ölkələrə ərzaqlıq yumurtanın ixracına nail olunub, Çin Xalq Respublikasına badam və fındığın ixracına razılıq əldə edilib.

Avropa bazarına balıq, balıq kürüsü, qoz və fındıq satışı yeni deyil. İndi bəzi çeşidlər artırılır. Maraqlıdır, bütün Avropada məşhur olan Azərbaycan kürüsü Avropa  bazarında rəqabətə tab gətirə bilirmi, neçəyə satırıq?

Qeyd edilməlidir ki, Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac etdiyi məhsullar arasında qara balıq kürüsü (sturgeon kürü) xüsusi yer tutur. Son illərdə bu sahədə həm istehsal, həm də ixrac həcmlərində artım müşahidə olunur. Eyni zamanda Avropa bazarlarına çıxış imkanları da genişlənib. 2024-cü ildə Azərbaycan ümumilikdə 1,200 kiloqram qara kürü ixrac edib və bu ixracdan 1,242,500 ABŞ dolları gəlir əldə olunub. Orta ixrac qiyməti 1 kiloqram üçün 1,760 manat təşkil edib. İl ərzində qiymətlər artaraq sentyabr ayına qədər 1,961 manata qədər yüksəlib. Bu dövrdə, yalnız yanvar-fevral aylarında 90 kiloqram ixrac edilib və bu məhsulun orta qiyməti 1,941 manat olub. 2025-ci ilin ilk rübündə də artım davam edib: 529 kiloqram istehsal olunub, bunun 160 kiloqramı ixrac edilib və orta qiymət 1,777 manat təşkil edib.

Qiymət baxımından Azərbaycan kürüsü Avropa bazarında olan digər sturgeon kürü məhsullarından xeyli baha başa gəlir. Məsələn, Almaniya kimi ölkələrdə “Siberian Sturgeon” kürü orta hesabla 170 avro, “Ossetra” kürü 210 avro, daha premium sayılan “Beluga” isə 350-400 avro arasında satılır. Azərbaycan kürüsünün ixrac qiyməti isə təxminən 1,000-1,120 ABŞ dolları aralığındadır ki, bu da Avropa bazarındakı məhsullardan 2-5 dəfə yüksəkdir. Bu fakt göstərir ki, Azərbaycan kürüsü Avropada geniş istehlak bazarında qiymət baxımından rəqabət aparmaqda çətinlik çəkə bilər. Lakin məhsulun keyfiyyəti, sertifikatlaşdırma, ekoloji təmizliyi və nadirliyi ön plana çəkilərsə, premium seqmentdə özünə yer tapa bilər. Son illərdə Avropa İttifaqı Azərbaycan məhsullarına, o cümlədən qara kürüyə idxal icazəsi verib. Bu, Azərbaycan üçün strateji əhəmiyyət daşıyan bir addımdır. Ekspertlərə görə, gələcəkdə məhsulun ixrac potensialını artırmaq üçün qiymət siyasətinin yenidən nəzərdən keçirilməsi və Avropa bazarının tələblərinə uyğun markalaşma zəruri görünür. 


AbzasMedia - Eyyub Hüseynov: "Biznesə tam dəstək istehlaçı hüquqlarının pozuntusuna səbəb olur"

 Eyyub Hüseynov 

İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “İllərdir ki, Azərbaycan fındığının Avropa bazarına çıxmasında problemlər yaşanırdı. Dəfələrlə Azərbaycan fındığı geri qaytarılıb, aflatoksin göbələkləri müşahidə olunurdu. Bu, ciddi problemlərdən biridir. Ümumiyyətlə, barmaqla sayılan bir neçə məhsul Avropa bazarına çıxarılır: balıq və balıq kürüsü, qoz, fındıqdır. Qida Təhlükəsizliyi Agentliyinin əsas məqsədlərindən biri Azərbaycan mallarının xarici bazara çıxarılması üçün tədbirlər həyata keçirməkdir. Çox təəssüf ki, bu, çox zəif həyata keçirilir. Dərinin xarici bazara çıxarılmasında da ciddi problemlərdən biri var. Dəri heyvan mənşəli məhsul olduğundan onun tükləri arasında ətraf mühitə, bitkiçiliyə təsir edə bilən toxumlar, bakteriyalar ola bilər. İllərdir bu, problem olaraq qalırdı. Əgər bunu da həll ediblərsə, bu, çox böyük bir nailiyyətdir. Narahat doğuran digər məqamlardan biri də odur ki, Azərbaycandan Çinə külli miqdarda heyvan qursağı ixrac olunur. Çox təəssüf ki, bunun adı heç yerdə çəkilmir”. 

Ekspert əlavə edib ki, fındığa “yaşıl dəhliz”in yaradılması üstün bir cəhətdir: “Bu, xüsusən Çin və Avropa bazarına çıxarılması baxımından müsbət haldır. İllər boyu aflatoksinlə bağlı problemlər yaşanırdı, yəqin ki, bunun qarşısı alınıb. Balıq və balıq kürüsü başqa ölkələrə aparılır. Bu da üstün bir göstəricidir və Qida Təhlükəsizliyi Agentliyinin bu istiqamətdə atdığı addımları uğur hesab etmək olar. Sadəcə, belə addımların sayı çox olmalıdır. Azərbaycan məhsulu digər ölkələrin məhsulları ilə müqayisədə nisbətən ekoloji təmiz hesab olunur. Baxmayaraq ki, Çin Xalq Respublikası bütün dünyaya kənd təsərrüfatı məhsullarını ixrac edir. Yəqin müəyyən əyalətlərdə qiymət siyasətinə uyğun olaraq qiymətdə Azərbaycan məhsulları bəlkə də keyfiyyətdə üstünlük təşkil edib rəqabətə davamlı ola bilər. Bu ticarətdə əgər rəqabətə davamlı olmasa, əlbəttə ki, bu sazişlər baş tutmayacaq. Ölkələr yalnız iqtisadi məsələlər üçün yox, müəyyən siyasi əlaqələr üçün də ticarətə qurşanırlar. Ticarətin inkişaf etdirilməsi siyasi əlaqələri möhkəmləndirir. Hazırda Azərbaycanın Asiya ölkələri ilə əməkdaşlığı artır. 

Məsələn, mən bu yaxınlarda Filippində Azərbaycan xurmasına bənzər bir xurmanın bir ədədini 3 dollara gördüm. Azərbaycan biznesmenlərinə də xəbər verdim ki, Azərbaycan xurmasını Filippin bazarına çıxarsınlar. Çox lazımdır ki, Azərbaycan pomidoru da Avropa bazarına çıxsın. Çünki külli miqdarda pomidor istehsal olunur və bir çox hallarda ya ətraf mühitə atılır, ya da çox ucuz qiymətə satılır. Halbuki bu məhsul ixrac oluna bilər. Ölkələr ticarəti təkcə iqtisadi deyil, müəyyən siyasi əlaqələr üçün də qururlar. Deməli, ticarətin inkişafı siyasi əlaqələri də möhkəmləndirir. Hazırda Azərbaycanın Asiya ölkələri ilə əməkdaşlığı artır. Yaxşı olar ki, Azərbaycan malları Asiya bazarına da çıxsın. Bu, dəstəklənməli bir məsələdir".


Seçilən
28
1
nuh.az

2Mənbələr