AZ

Tıxac müşkülü – onu həll etmək imkanları günbəgün tükənir

Paytaxtda ciddi tıxac problemi var. “Formula -1” yarışması ilə bağlı deyil. Onun yaratdığı tıxac “şeytan çarxı”nın yanından başlayır, Qız qalasının tuşunda bitir. Episentri “Azneft” meydanıdır.

Zatən, yay-qış, “Formula” oldu-olmadı, o nahiyədə həmişə sıxlıqdır. Axşam tərəfi o səmtdən şəhərə girmək mümkün deyil. Yolu bağlayıb dururlar. Tıxac Bayraq meydanının yanına çatır. Əslində quyruq 20-ci sahəyə qədər uzana bilər. Sadəcə, səbrsiz sürücülər özlərini Bayıl qəsəbəsinin iç küçələrinə vurur, “Gülüstan” sarayının yanından özlərinə alternativ yol tapır, şəhərə girirlər.

Cavanşir körpüsünün sökülməsi ilə o körpüdə birləşən 3 prospektdə böyük tıxaclar olur. Bunlar Nobel, Babək və Heydər Əliyev prospektləridir. Bu yollarda irəliləyərək şəhər mərkəzinə getmək, oradan keçərək başqa səmtlərə dağılışmaq istəyən avtomobillər bir neçə kilometrlik quyruqlar yaradırlar.

Bəzən Babək prospektinin H.Əliyev prospektinə qovuşduğu yerdəki tunelin önünü yarım saat bağlayırlar. Bu “bəzən” hər gün saat 4-dən 7-yə qədər olur. Belə “tədbir” yalnız iyul ayında olmur. O da ona görə ki, iyul ayı populyar tətil ayıdır, imkanı olan minlərlə adam ya xaricə, ya da öz ölkəmizin yaşıl rayonlarına istirahətə gedirlər. Onlar istirahətdən qayıdan kimi Babək prospekti böyük Babəkimizin sığındığı Bəzz qalası kimi keçilməz olur.

Nobel prospektinin dərdi başqadır. Bu yoldan istifadə edən avtomobillərin keçmiş Cavanşir körpüsünün yerində olan sarı xətli “tor”a çatmaları üçün 15-20 saniyəlik yaşıl işıqları olur. O da 30-40 avtomobilin keçidinə bəs edir, qalan 2-3 min avtomobil hövsələ ilə gözləyir. Başqa variantları da yoxdur. Bu yolun maşınlı yolçuları talelələri ilə barışıb. Artıq siqnal-filan da vermirlər. Oturub gözləyirlər. 4-5 küçə geridən metr-metr irəliləyirlər.

Onlarla müqayisədə Əliyev prospekti daha işləkdir. Ancaq bu yoldan da sökülmüş Cavanşir körpüsünün həndəvərinə çıxmaq asan deyil. Növbə ilədir.

O körpünün sökülməsi həmin nahiyədə avtomobil sıxlığını nəinki azaltmadı, əksinə, birə beş artırdı. Çünki 200 metr irəlidə işıqforlu piyada keçidi var. Avtomobillər dayanmağa məcburdur. Körpünün işlək vaxtında isə piyadalar sərbəstcə körpünün altından keçib gedirdilər. İndi orada ya yerüstü, ya da yeraltı keçid tikilməlidir ki, şəhərin mərkəzinə giriş daha betər günə qalmasın.

Bünyadov prospekti – Dərnəgül şossesi də o gündədir. “Çermet” körpüsünə uzanan 2 dəqiqəlik yolu 20 dəqiqəyə, yarım saata qət etmək mümkün olmur. Buradakı sıxlıq tətilə gedənlərdən asılı deyil, il on iki ay belədir. Bu yolda sıxlığın əsas səbəkarları sağdan şütüyərək gedən, körpünün üstünə çıxmağa bir az qalmış sola burularaq intizamlı sürücülərin önünə keçərək hərəkət intensivliyinə mane olanlardır. Onların qarşısını almaq mümkün deyil, qabağa düşmək üçün nəsə bir çarə tapırlar.
“Neftçilər” metrostansiyasının ətrafında çoxlu içıqfor yerləşdirərək, yolda keçidi birtəhər tənzimləyiblər, amma sıxlıq aradan qalxmayıb. Yenə sürücülər 150 metrlik yolu keçmək üçün azı 10 dəqiqə gözləməli olurlar.

“28 May” metrostansiyasının yaxınlığındakı küçələrin hamısında 14-16 saat ərzində sıxlıqdır, deyiləsi deyil.

Bir sözlə, şəhərin tıxacsız küçəsi, yolu çox azdır.

Hələ orta və ali məktəblər yeni tədris ilinə başlayanda daha betər olacaq. İki sıra dayanıb, uşaq düşürdən və mindirən sürücülərin əlindən bütün məktəblərin önündə tıxaclar olacaq.

Bu cür xroniki tıxacların əsas səbəbi odur ki, Bakı meqapolisə çevrilib və şəhər bu qədər avtomobili özünə sığışdıra bilmir. Gecə saat 3-də belə şəhərin küçələri hərəkət edən avtomobillərlə dolu olur. Bütün meqapolislərdə olduğu kimi, Bakıda da gecə dincliyi deyilən şey yoxdur.

Bunun belə olacağını 30 il öncədən deyənlər, yazanlar vardı. 20 il öncə də Bakının tıxaclı gələcəyi barədə həyəcan təbili çalanlar olmuşdu. 10 il öncə isə bu söhbət heç olmadığı qədər aktualllaşmışdı. Ancaq görülən tədbirlər tam effekt vermədi.

Nə qədər tədbir görülür, görülsün, ölkənin ümumi əhalisinin yarısı iş-güc, təhsil, xoş güzəran, rahatlıq niyyəti ilə paytaxta yerləşibsə və onların yarısının şəxsi avtomobili varsa, indən belə heç bir tədbir fayda verməyəcək.

Hələ Rusiyadan deportasiya edilməsi gözlənilən yüz minlərlə həmvətənimizin ölkəyə qayıtması halını da nəzərə almaq lazımdır. Fəlakət kimi bir şey olacaq. Bu şəxslərin çoxu vaxtında paytaxtda mənzil alıblar, bir xeylisi evini kirayənşinə verib, çoxları isə qapısını bağlayıb gedib ki, lazım olanda qayıdıb yaşayacaq. İndi köçün geri dönən vaxtıdır və bu imkanlı şəxslər paytaxtın əhalisini, eləcə də küçələrdə hərəkət edən avtomobillərin sayını artıracaqlar.

Beləcə, paytaxtda xaos əmələ gələcək və çıxış yolu axtaranlar çoxalacaq. Bu problemi Qarabağda şəhər və kəndlərin bərpası və insanların məskunlaşması da həll etməyəcək.

Ölkənin paytaxtının yeni bir şəhərə köçürülməsi təşəbbüsü qaldırılanda Qazaxıstanın indiki paytaxtı Astana bizim Gəncə şəhəri boydaydı. İndi Astana meqapolis olub, Gəncə isə Sumqayıta uduzaraq üçüncü şəhər olub.

 

Seçilən
75
musavat.com

1Mənbələr