Özəl orta məktəblərdə təhsil haqqı yüksəkdir. Elə məktəb var, orada 30 min manat illik təhsil haqqı tələb olunur. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, özəl orta məktəblərə ciddi meyil var: “Bu tələbatı da görüb özəl orta məktəblər təhsil haqqını daha da qaldırır. Hesab edirəm ki, bunu dövlət necəsə tənzimləməlidir”.
Deputat universitetlərdə təhsil haqlarının artımı ilə də razılaşmayıb: “Bunu dövlətlə paralel universitetlər etməlidir. Universitetlər təhsil haqqını artırırsa, təhsilin keyfiyyəti də qalxmalıdır. Bu məsələ ya NK-nın qərarı ilə, ya da necəsə tənzimlənməlidir ki, bu hal yaşanmasın. Məktəbli formaları ilə bağlı da problem var. Əvvəl bütün məktəblərdə bir məktəbli forması var idi, indi hər məktəbin öz forması var. Valideyn uşağın məktəbini dəyişəndə yeni forma almağa məcbur olur”.