AZ

Qlobal Cənubun gur səsi

İlham Əliyev: Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda təşviq etdiyimiz sülh gündəliyi xarici siyasətimiz üçün yeni üfüqlər açır və onun daha qlobal xarakter daşıması baxımından mühüm amil rolunu oynayır

Nümunəvi inkişaf modeli ilə fərqlənən, multikultural mühitə malik olan, qlobal həmrəyliyin möhkəmlənməsinə davamlı töhfələr verən Azərbaycanın  beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını alıb. Ölkəmiz dünyada dialoq məkanı kimi qəbul olunur.

Respublikamızın ev sahibliyi etdiyi növbəti beynəlxalq tədbir Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasıdır. Prezident İlham Əliyev tədbir iştirakçılarına ünvanladığı məktubunda ilk dəfə olaraq Çindən kənarda keçirilən bu forumun məhz Azərbaycanda baş tutmasının  məmnunluq doğurduğunu xüsusi vurğulayıb.

Azərbaycan ilə Çin arasında sıx tərəfdaşlıq və dostluq münasibətlərinin bariz nümunələri

Müstəqil Azərbaycanın milli maraqlar üzərində qurulan siyasəti çoxvektorludur. Ardıcıl və məqsədyönlü siyasət nəticəcində respublikamız əksər region ölkələri ilə, Avropa İttifaqına (Aİ) daxil olan dövlətlərlə, eləcə də İslam dünyası ilə qarşılıqlı maraqlara əsaslanan əlaqələr qurmağa nail olub. Bu kontekstdə Azərbaycanla  Asiya nəhəngi Çin arasında strateji tərəfdaşlıq münasibətlərinin formalaşması da xüsusi diqqət çəkir. “Bu il ərzində Çinə həyata keçirilmiş səmərəli dövlət və işgüzar səfərlərim, bir çox sənədlərin, xüsusilə də strateji tərəfdaşlıq barədə iki sənədin imzalanması, qarşılıqlı viza rejiminin ləğvi Azərbaycan ilə Çin arasında sıx tərəfdaşlıq və dostluq münasibətlərinin bariz nümunələridir”, - deyə Prezident İlham Əliyev tədbir iştirakçılarına ünvanladığı məktubunda qeyd edib.

Bu gün həm Azərbaycan, həm də Çin əlaqələrin daha da dərinləşməsinə güclü siyasi iradə göstərirlər. İki ölkə arasında siyasi dialoq yüksək dinamikası ilə fərqlənir. Azərbaycan Prezidenti İlham Əliyev cari ilin aprel ayında dost ölkədə dövlət səfərində olub. Bu, dövlətimizin başçısının Çinə üçüncü dövlət səfəridir. Bu günlərdə isə Prezident İlham Əliyev Çində işğüzar səfərdə olub. Səfər çərçivəsində dövlətimizin başçısı  Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən Zirvə görüşünə qatılıb, həmçinin birinci xanım Mehriban Əliyeva ilə birlikdə Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradı izləyib. 

Qarşılıqı münasibətlərin yüksələn xətlə ikişafına liderlərin bir-birinə böyük rəğbət və hörmət bəsləməsi xüsusi rol oynayır. Yeri gəlmişkən, Prezident İlham Əliyevin bəhs olunan  son işğüzar səfəri çərçivəsində Tiencin şəhərində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə dost ölkənin lideri Onu “mənim əziz dostum” deyərək salamlayıb. Prezident İlham Əliyev isə görüşlərin birində Sədr Si Cinpinin Onu Çinin yaxın dostu adlandırdığını bir növ mükafat kimi qəbul ediyini bildirib.

İki ökə arasında 2024-cu il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Dövlətimizin başçısının cari ilin aprel ayında Çinə sonuncu dövlət səfəri çərçivəsində  isə hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanat və bir çox sahəni əhatə edən 20-dən artıq sənəd imzalanıb. Bu sənədlərdə yer alan müddəalardan açıq-aydın görünür ki,  ikitərəfli əlaqələr kifayət qədər geniş gündəliyə malikdir.

Ölkəmiz daim Qlobal Cənubun yanındadır

Bu gün yeni dünya nizamının formalaşmasında Qlobal Cənubla Qlobal Qərb arasında kəskin ziddiyyətlər özünü açıq şəkildə büruzə verir. Çinin iqtisadi qüdrətinin artması fonunda Asiya qitəsi önə çıxsa da, bütövlükdə önəmli qərarların qəbul edilməsində Qlobal Cənubun mövqeyi az nəzərə alınır və yaxud heç alınmır. Bu, ədalətsizlikdir. Dünya bizim ümumi evimizdir və burada bərabər imkanlar və hüquqlar təmin olunmalıdır. BMT TŞ-nin qlobal məsələlərə bir sıra hallarda selektiv yanaşması və yaxud ayrı-ayrı güc mərkəzlərinə təsir imkanlarının məhdud olması ortadadır. Bu səbəbdən də beynəlxalq hüquq işləmir, güc amili önə çıxır. Bunu Azərbaycan da Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti apardığı üç onillik ərzində öz üzərində hiss edib. BMT TŞ Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən qeyd-şərtsiz çıxarılmasını özündə ehtiva edən dörd qətnamə qəbul etsə də, onlar yerinə yetirilmədi.  Azərbaycan tarixi ədaləti və beynəlxalq hüququ öz gücünə təmin etmək məcburiyyətində qaldı. Niyə belə olmalıdır? Nə üçün TŞ-nin qərarları bir sıra hallarda çox operativ şəkildə yerinə yetirilir, digər hallarda isə toz basmış arxiv sənədlərinə çevrilir? Bunun ən mühüm səbəblərindən biri TŞ-nin paritet əsaslarla formalaşmamasıdır. Azərbaycan o mövqedən çıxış edir ki, dünyanın taleyini sadəcə beş ölkə təmin edə bilməz. BMT-də islahatlar aparılmalı, TŞ genişləndirlməli və burada Qlobal Cənub da təmsil olunmalıdır.  Prezident İlham Əliyev vurğulayıb ki, Qlobal Cənub ölkələri yeni ədalətli dünya nizamının formalaşdırılmasında yaxından iştirak etməli və bu işə öz töhfələrini verməlidirlər.

Öz növbəsində Azərbaycan son illərdə apardığı ardıcıl siyasətlə, irəli sürdüyü təşəbbüslərlə Qlobal Cənubun gur səsinə çevrilib. Respublikamız 2019-2023-cü illərdə Qlobal Cənuba aid ölkələri birləşdirən böyük bir platformaya - Qoşulmama Hərəkatına (QH) uğurlu sədrlik həyata keçirib.Sədrliyi dönəmində Azərbaycan Qlobal Cənub ölkələrinin üzləşdiyi ədalətsizliyi beynəlxalq gündəliyə çıxarmağa nail olub.

Azərbaycan, həmçinin azadlıq mübarizəsinə qalxan xalqlara mənəvi-siyasi dəstək verməklə dünyada müstəmləkəçilk əleyhinə mübarizənin önündə gedir. Bakı Təşəbbüs Qrupu bu mübarizədə xüsusi fəallıq göstərir.

COP29-un gözəl mirasları

Bütün dünyanın təsirləndiyi iqlim dəyişikliyi getdikcə daha ağır fəsadlarla müşayiət olunur. Təbii ki, iqlim dəyişmələrindən bütün dünya ölkələri təsirlənirlər. Ancaq Qlobal Cənuba aid kiçik ada dövlətləri üçün vəziyyət daha ağırdır. Okeanda dörd bir tərəfdən su ilə əhatə olunan bu dövlətlər həyatla ölüm arasında mübarizə aparırlar. Azərbaycan bu məsələdə də Qlobal Cənubun yanındadır. “Eyni zamanda, COP29-un sədri qismində Qlobal Cənub ölkələrinin iqlim gündəliyi ilə bağlı baxışlarının təşviqi, ən az inkişaf etmiş ölkələrin, xüsusilə də kiçik ada dövlətlərinin ehtiyaclarının təmin edilməsi prioritetlərimiz arasında yer almışdır. Ötən ilin noyabr ayında Bakıda keçirilmiş COP29-un uğurlu nəticələri “Bakı sıçrayışı” kimi tarixə düşmüşdür”, - deyə Prezident İlham Əliyev bildirib.

COP29-un digər bir  gözəl mirası isə Qobal Cənubu təmsil edən QHT platformasının bu il Bakıda təsis edilməsidir. Xatırladaq ki, Azərbaycan Milli QHT Forumu 2024-cü il noyabrın 15-də COP29 çərçivəsində keçirilən beynəlxalq konfransda Qlobal Cənub QHT Platformasının yaradılmasının vaxtının çatdığını elan edib. Cari il aprelin 28-də isə116 ölkədən QHT-lərin iştirakı ilə Bakıda Qlobal Cənub QHT Platforması təsis edilib.

Qalib dövlətin təşviq etdiyi sülh gündəliyi

Qalib Azərbaycan onilliklər boyunca davam edən müharibədən sonra regonda sülhün və təhlükəsizliyin təmin olunmasının tərəfdarıdır. Təsadüfi deyildir ki, 44 günlük müharibə başa çatdıqdan sonra respublikamız ilk olaraq sülh təşəbbüsü ilə çıxış edib və ötən beş ildə öz mövqeyinə sadiq qalmaqla tənzimləmə prosesini irəli aparıb.

Hazırda Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadıqları qədər yaxındırlar. Cari il avqustun 8-də  Vaşinqtonda Azərbaycanın, ABŞ-ın və Ermənistanın liderlərinin iştirakı ilə hər iki ölkənin xarici işər nazirləri sülh sazişini paraflayıblar. Eyni zamanda, Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın verdikləri birgə Bəyanatda Zəngəzur dəhlizinin (Tramp marşrutunun) yaradılması, ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz keçidin təmin olunması razılaşdırılıb. Həmçinin Vaşinqton razılaşmalarına uyğun olaraq artıq ATƏT-in Minsk qrupu da tarixin arxivinə qovuşub . Bütün bunlar Azərbaycanın sülh gündəliyinin bütün dünyada qəbul edildiyini əyani şəkildə təsdiqləyir. “Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda təşviq etdiyimiz sülh gündəliyi xarici siyasətimiz üçün yeni üfüqlər açır və onun daha qlobal xarakter daşıması baxımından mühüm amil rolunu oynayır. Keçən ay Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması həm bölgə, həm də daha geniş coğrafiya üçün əlverişli imkanlar yaradır”, - deyə Prezident İlham Əliyev bildirib.

Mübariz ABDULLAYEV

Seçilən
13
1
yeniazerbaycan.com

2Mənbələr