Sentyabrın əvvəlindən etibarən Ukraynaya qaz idxalı kəskin şəkildə zəifləyib, Rumıniya marşrutu ilə keçən axınlar isə tamamilə dayanıb. “Политика Страны” nəşri yazır ki, sentyabrın ilk on günü ərzində ölkəyə 236 milyon kubmetr qaz daxil olub ki, bu da avqust səviyyəsinə yaxındır.
Musavat.com xəbər verir ki, lakin əsas fərq odur ki, Rumıniya istiqaməti ilə ötürülən və “Azərbaycan qazı” adlandırılan tədarük tamamilə kəsilib.
Xatırladaq ki, 28 iyulda SOCAR qrupunun Ukraynadakı şirkəti ilə bağlanan müqavilə əsasında Azərbaycan qazı Trans-Balkan kəməri vasitəsilə ilk dəfə Ukraynaya daxil olmuşdu. Bu, Rusiya tranzitinin dayanmasından sonra Kiyevin enerji təhlükəsizliyini şaxələndirmək cəhdi kimi dəyərləndirilmişdi. Avqustda isə tərəflər həcmlərin artırılması barədə danışıqlar apardıqlarını açıqlamışdılar.
Lakin 6 avqustda Rusiya pilotsuz aparatlarla Odesa vilayətində, Rumıniya sərhədi yaxınlığındakı Orlovka qaz infrastrukturunu vurdu. Məhz bu məntəqə Trans-Balkan marşrutunun əsas keçid nöqtəsi idi. Ukrayna rəsmiləri həmin hücumu qışa hazırlıqları sabotaj etmək cəhdi kimi qiymətləndirmişdilər. Ardınca qısa müddətli bərpa olsa da, 1 sentyabrdan etibarən Rumıniya marşrutu üzrə axın yenidən sıfırlandı.
Bununla yanaşı, avqustun 8-i və 18-də SOCAR-ın Odesa vilayətindəki yanacaq bazaları iki dəfə dron hücumuna məruz qaldı. İkinci hücumda anbarlar, nasos stansiyaları və əməliyyat sahələri ciddi zərər gördü. Ukrayna tərəfi bu zərbələri təkcə ölkəyə deyil, eyni zamanda Azərbaycanın maraqlarına qarşı vandal aktı kimi qiymətləndirdi.
Mütəxəssislər bildirirlər ki, tədarüklərin dayanmasına üç əsas səbəb göstərilə bilər:
– Rusiyanın enerji infrastrukturuna endirdiyi zərbələr və marşrutun zədələnməsi;
– Trans-Balkan kəməri ilə idxalın yüksək maya dəyəri və kommersiya baxımından sərfəsizliyi;
– Ukraynada enerji obyektlərinə davamlı hücumların yaratdığı təhlükəsizlik riski.
Bütün bunların fonunda rəsmi rəqəmlər təsdiqləyir ki, Rumıniya istiqamətində axınlar dayandırılıb. Lakin bu, kanalın tam bağlanması demək deyil. İstintaq və bərpa işləri aparıldıqdan sonra tədarüklərin qismən də olsa bərpası istisna olunmur. SOCAR-la Naftoqaz arasında imzalanmış müqavilənin davamı gündəmdə qalır, lakin həcmlərin gələcəkdə bərpası siyasi-hərbi vəziyyət və kommersiya şərtlərindən asılı olacaq.
Beləliklə, Azərbaycan qazının Ukraynaya tədarükü qısa müddətdə dayandırılsa da, mövcud vəziyyət həm regiondakı hərbi gərginliyin, həm də iqtisadi reallıqların birbaşa nəticəsi kimi qiymətləndirilir.
Musavat.com