AZ

Nöqsanların əsas səbəbi insan resursları ilə bağlıdır



Son illərdə audit obyektlərində eyni nöqsanların təkrar baş verməsi müşahidə olunur.

Newscenter.az xəbər verir ki, bu barədə “Dövlət auditi” bülleteninin 2025-ci il üçün ikinci buraxılışında dərc olunan məqaləsində Hesablama Palatasının əməkdaşı Vüsal Quliyev məlumat verib.

Onun sözlərinə görə, 2022-ci ildə Palata tərəfindən həyata keçirilmiş nəzarət tədbirlərindən 13-ü ən azı 3-cü dəfə eyni obyektə dair olub. Bu göstərici 2023-cü ildə 14, 2024-cü ildə isə 19-a yüksəlib. Müəllif bildirir ki, eyni əməkdaşların eyni nöqsanlara təkrar yol verməsi dövlət maliyyə idarəçiliyi baxımından ciddi siqnaldır və ictimai etimadın zəifləməsinə gətirib çıxara bilər.

Vüsal Quliyev qeyd edib ki, audit obyektlərində təkrar nöqsanların baş verməsinin əsas səbəbi insan resursları ilə bağlıdır:

"Zəif daxili nəzarət sistemi, hesabatlılıq mexanizmlərinin kifayət qədər işləməməsi və psixoloji amillər bu halları şərtləndirir. Beynəlxalq təcrübədə tətbiq edilən “5 niyə?” metodunun köməyi ilə nöqsanların kök səbəblərinin araşdırılması tövsiyə olunur. Lakin çox vaxt suallara dəqiq cavab verilməməsi metodun effektivliyini azaldır. İnsan resursları ilə bağlı problemlər aradan qaldırılmadan nöqsanların təkrarlanmasının qarşısını almaq çətindir".

Palata rəsmisi onu da deyib ki, nöqsanların təkrarlanmasının qarşısını almaq üçün bir sıra yeni yanaşmaların tətbiqi zəruridir:

"HR (İnsan Resursları) auditi, strateji plan təcrübəsi, auditlə yanaşı təlimlərin keçirilməsi və hətta müşavirlik funksiyasının gücləndirilməsi bu istiqamətdə effektiv ola bilər. Həmçinin, əməliyyat planının tətbiqi və risk statusunun müəyyənləşdirilməsi təşkilatlarda şəffaflıq və hesabatlılığın artırılmasına, nöqsanların vaxtında qarşısının alınmasına xidmət edə bilər. Bu yanaşmalar növbəti auditlərin daha səmərəli nəticələr verməsinə şərait yaradacaq".

Süleyman
Seçilən
9
2
newscenter.az

3Mənbələr