AZ

"Qarabağ"da ən böyük arzularımı gerçəkləşdirirəm" - Koxalski

style='margin-bottom:10px;'>

"Qarabağ"ın polşalı qapıçısı Mateuş Koxalski (Mateusz Kochalski) ölkəsinin laczynaspilka.pl saytına müsahibə verib.

QOL.az-ın xəbərinə görə, müsahibənin təqdimatında jurnalist qeyd edir ki, Mateuş Koxalskinin "Qarabağ"a keçidi bir çoxlarını təəccübləndirmişdi. Amma 25 yaşlı qapıçı bu qərarına görə heç peşman deyil. İlk mövsümündə Azərbaycan təmsilçisi ilə Avropa Liqasında oynadı. İkinci mövsümdə isə onu Çempionlar Liqası və o cümlədən "Çelsi", "Napoli", "Liverpul" kimi komandalarla qarşılaşmalar gözləyir. Debütü 16 sentyabrda "Benfika" ilə olacaq. “Bir az şokdayam,” – deyə futbolçu bildirir.

- Bir qədər təəccüblənmişəm, amma futbolda heç nəyin mümkünsüz olmadığını artıq çoxdan bilirdim. Hər şey çox sürətlə dəyişir. 2022-ci ilin aprelində Ekstraklasada "Radomyak"ın heyətində debüt etmişdim, "Krakoviya"ya 0:1 uduzmuşduq və həmin məğlubiyyət məni çox məyus etmişdi. Artıq bu gün o qarşılaşmanın təfərrüatlarını belə xatırlamıram. İki il sonra isə "Qarabağ"la Avropa Liqasında çıxış edirdim. İlk oyunumuzu 50 mindən çox tamaşaçı qarşısında Londonda sonradan turnirin qalibi olan "Tottenhem"ə qarşı keçirdik. Turnirdə parlaq çıxış etməsək də, "Tottenhem", "Lion", "Ayaks" və "Olimpiakos" kimi rəqiblərlə qarşılaşmalarda topladığımız təcrübə Çempionlar Liqasının seçmə mərhələsində özünü göstərdi. Həlledici mərhələdə "Ferentsvaroş"la oyunlar asan olmadı. Budapeştdə möhtəşəm oyunla 3:1 qalib gəldik. Cavab görüşündə isə Macarıstan çempionu 3:2 hesabı ilə qalib gəlsə də, son dəqiqələrdəki gərginliyə baxmayaraq, məqsədimizə çatdıq.

- Polşalı futbolçunun Çempionlar Liqasına Azərbaycan klubu ilə yüksəlməsi həmin yarışa Ekstraklasadan çıxmasından daha realdır?

- "Stal Melets"də oynayarkən Polşa klublarından heç bir təklif almamışdım – tək təklif "Qarabağ"dan gəlmişdi. İndi bu komandada həm ölkə daxilində ən yüksək hədəflər uğrunda mübarizə aparıram, həm də Avropa turnirlərində çıxış edirəm. Bu isə mənim idmançı kimi inkişafımı təmin edir. "Qarabağ"da ən böyük arzularımı gerçəkləşdirirəm.

Polşadan dörd komandanın Konfrans Liqasına vəsiqə qazanmasına çox sevinirəm. Amma gəlin açıq danışaq, Çempionlar Liqası ən azı iki pillə yuxarıdır. Polşanın tezliklə bu turnirdə yenidən təmsil olunacağına inanıram. İndi isə mən öz tarixçəmi "Qarabağ"la birlikdə yazıram. Elitar turnirin qrup mərhələsindəki rəqiblərə baxdıqca həyəcanlanıram. "Benfika" ilə səfərdə başlayırıq, ardınca "Kopenhagen", "Atletik" Bilbao, "Çelsi", "Napoli", "Ayaks", "Ayntraxt" Frankfurt və "Liverpul" gəlir. Bu, sadəcə gözəldir və mənim ən çətin anlarda təslim olmadığım üçün qazandığım bir mükafatdır.

- "Qarabağ"ın uğurunun sirri nədir?

- Bu, şübhəsiz ki, illərdir komandaya rəhbərlik edən Qurban Qurbanovun adı ilə bağlıdır. O, hücum futboluna, pressinqə və futbolçuların təşəbbüskarlığına üstünlük verir. Rəqibin gücündən asılı olmayaraq, daim hücum etməyə çalışırıq. Deyirlər ki, bizi "Azərbaycanın Barselonası" adlandırırlar, amma biz "Qarabağ"ıq. Komandadakı atmosfer əladır, baxmayaraq ki, oyunçular müxtəlif ölkələrdəndir. Komanda yoldaşlarımla əsasən ingiliscə danışıram, bir az da rusca öyrənirəm. Əsas odur ki, bizi futbol dili birləşdirir. Heç bir təzyiq hiss etmirəm. Azarkeşlər bilir ki, əlimizdən gələni edirik. Ötən mövsüm Avropa Liqasındakı çıxışımıza görə azarkeşlər məyus oldu, elə biz özümüz də. Amma ölkə çempionu olmaqla və Çempionlar Liqasına yüksəlməklə bunu kompensasiya etdik. Bu uğur sayəsində yerli azarkeşlər yəqin ki, öz milli komandalarının da inkişaf edəcəyinə inanacaqlar. Əslində, keyfiyyətli futbolçular az deyil. Fernandu Santuş sentyabrda İslandiya və Ukrayna ilə oyunlara "Qarabağ"dan düz yeddi futbolçunu milliyə çağırdı. Çempionlar Liqasında iştirak Azərbaycan futbolçularının xaricə transferi baxımından da müsbət təsir göstərəcək. İnanıram ki, bir çoxu güclü liqalarda da özünü göstərə bilər.

- Sentyabr oyunları üçün Polşa millisindən dəvət gözləyirdin?

- Dəvət almağı bir zamanlar Artur Boruts, Voyçek Şesni, Lukaş Fabianski kimi TOP klublarda çıxış edən qapıçılar düşünə bilərdi. Mənim də millidə oynamaq arzum var. Amma bu mövqedə rəqabət inanılmaz dərəcədə güclüdür. İyun ayında milliyə çağırılmışdım, indi isə adım siyahıda yox idi. Amma bu, ümidlərimi və xəyallarımı puç etmir. Daim səylə çalışıram və qazandığım uğurlarla kifayətlənmək fikrim yoxdur.

- Azərbaycanda həyat necə keçir?

- Əvvəllər Bakının mərkəzində yaşayırdım. İndi isə şəhərin kənarına, daha böyük bir mənzilə köçmüşəm və burada daha sakitdir. Hələlik tək yaşayıram, amma yaxın vaxtlarda sevgilim və itimiz daimi olaraq yanıma gələcək. Klub mənə hər cür şərait yaradıb və bütün diqqətimi futbola yönəldə bilirəm. Azərbaycan mətbəxi də xoşuma gəlir. Burada türk mətbəxi elementləri çoxdur, həmçinin polyak mətbəxinə bənzər şeylər də var. Sadəcə yol hərəkəti bir az stress yaradır. Bəzən klub bazasına getmək əsəblərimə toxunur – sürücülərin əksəriyyəti sakit olmur. Eşitmişəm ki, burada insanlar yol üstə mübahisələri çox fərqli yollarla həll edir, amma şükür ki, bu halla rastlaşmamışam.

- Azərbaycana turist kimi getməyi tövsiyə edərdinmi?

- Əlbəttə! Bakı çox gözəl şəhərdir. Burada görməli çox şey var, sadəcə gərək isti dövrlərdə gəlməyəsiniz. Yerli sakinlər təmizliyə önəm verirlər, çünki bilirlər ki, paytaxt ölkənin vizit kartıdır. Onlar turistləri cəlb etmək istəyirlər. "Qarabağ"ın Çempionlar Liqasındakı çıxışı mütləq çox sayda turistin marağını çəkəcək. Xüsusən də ev oyunlarımızın rəqibləri nəzərə alınarsa...

- Əgər çox yaxşı oynamağa davam etsən, "Qarabağ" səni xarici kluba buraxacaq?

- Baxarıq. Hər şey mümkündür. Gözəl olardı ki, bir gün İngiltərə Premyer Liqasına keçim. İndi isə belə komandalarla qarşılaşmaq mənə özümü göstərmək üçün əla fürsətdir və bu şansı maksimum dəyərləndirmək üçün əlimdən gələni edəcəyəm. Hələ də ayağım yerdədir, real düşünürəm və sevinirəm ki, futbol macəram bu qədər rəngarəng alındı. Yalnız bir mövsüm "Stal Melets"də oynayıb, Çempionlar Liqasına vəsiqə qazanan bir klubun heyətinə düşmək çox böyük işdir.

Seçilən
28
2
teleqraf.com

3Mənbələr