DİN-in Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara xəbərdarlıq edib.
News365.az xəbər verir ki, məlumatda deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, 11–12 sentyabr tarixlərində ölkə ərazisində güclü küləkli hava şəraiti gözlənilir. Bu isə yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün əlavə risklər yaradır. Belə hava şəraitində nəqliyyat vasitələrinin idarə olunması çətinləşir, sükan üzərində nəzarət zəifləyir ki, bu da qəfil və arzuolunmaz yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər.
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək təhlükəsizlik baxımından aşağıdakı məqamlara diqqət yetirməyi tövsiyə edir:
Güclü külək müşahidə olunan ərazilərdə sürət həddini azaltmaq və hərəkəti hava şəraitinə uyğun qurmaq;
Digər nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsini qorumaq;
Qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərində daşınan yüklərin etibarlı qablaşdırılmasına xüsusi diqqət yetirmək;
Açıq magistral yollarda, körpülərdə və dağlıq ərazilərdə daha diqqətli olmaq;
Ötmə əməliyyatı zamanı küləyin axınını nəzərə almaq;
Küləyin təsiri altında hərəkət edərkən aşma riski olan obyektlərin kənarında diqqətli olmaq, avtomobili park edərkən isə onların altında saxlamamaq.
Eyni zamanda, piyadaların da keçidlərdən istifadə edərkən diqqətli olmaları, yaxınlaşan nəqliyyat vasitələrinin sürətini müşahidə etmələri, açıq meydanlarda və geniş yollarda hərəkət zamanı daha ehtiyatlı davranmaları vacibdir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün yol hərəkəti iştirakçılarını qaydalara məsuliyyətlə yanaşmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırır".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta