AZ

Rus dronlarının Polşada görünməsi: Üçüncü dünya müharibəsinin qığılcımı ola bilərmi? – ÖZƏL

"Rusiya məxsus "Şahid" dronlarının Polşa hava məkanını pozması bir mənada NATO hava məkanının pozulması kimi də dəyərləndirilə bilər".

Bu sözləri Olaylar.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Samir Hümbətov deyib. Siyasi şərhçi bildirib ki, bundan sonra Polşanın və NATO ölkələrinin, ümumilikdə Qərbin mövqeyi bu məsələ ilə bağlı diqqət mərkəzində olacaq: "Artıq 19 pilotsuz uçuş aparatından 4-ü vurulub. Bu bir mesaj idi ki, biz görürük və birinci mərhələdə Rusiyaya xəbərdarlıq edirik. Əgər bir daha bu hal təkrarlansa, bu artıq ciddi bir müharibəyə səbəb ola bilər".

Siyasi şərhçi əlavə edib ki, belə bir halın baş verməsi müharibəyə daha geniş prizmadan yanaşmağı tələb edir. Təbii ki, NATO-nun 4-cü maddəsini işə salmaq mümkündür, amma məsələ ondadır ki, NATO-nun həmin maddəni işə salması üçün bütün üzvlərin razılığı olmalıdır. ABŞ-nin mövqeyi də burada həlledici olacaq. Çünki NATO-nun əsas dayağı ABŞ hesab olunur və Amerikanın reaksiyası önəmlidir.

S. Hümbətov qeyd edib ki, Avropa dövlətləri bir növ Rusiyanın bu məsələ ilə bağlı mövqeyini öyrənməyə çalışırlar ki, görək Rusiya nə istəyir. Rusiya burada bir növ test aparır, Qərb və NATO dövlətlərinin reaksiyasını yoxlayır. Təbii ki, Ukrayna müharibəsi hələ başlanğıc mərhələsindədir. 

Siyasi şərhçinin sözlərinə görə, müharibə sonrakı mərhələdə yeni bir müstəviyə keçə bilər. Bu, Rusiyanın Polşaya hücumu da ola bilər, yaxud Rusiya ilə NATO-nun qarşıdurması ehtimalı da var. Amma bunun dəqiq, 100% olacağı real deyil. Ola bilər ki, baş versin, yaxud da baş verməsin. Bu, təbii ki, tərəflərin atacağı addımlardan asılıdır. Ona görə düşünürəm ki, Rusiyanın reaksiyası hələlik sadəcə susqunluqdur, açıqlama vermirlər. Çünki atdığı addım yeni bir müharibəyə səbəb ola və bu isə qarşısıalınmaz dərəcədə böyük fəlakətə gətirib çıxara bilər.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
42
olaylar.az

1Mənbələr