AZ

Naci Görür Ankaradakı zəlzələ barədə xəbərdarlıq edib

BAKI, TurkicWorld, Fərid Mikayılov

Ankaranın Kalecik rayonunda bu səhər 4,1 bal gücündə zəlzələ qeydə alınıb. AFAD-ın məlumatına görə, təkanlar yerin 11,08 kilometr dərinliyində yerləşib.

TurkicWorld xəbər verir ki, zəlzələ bölgə əhalisi arasında narahatlıq yaradarkən, tanınmış seysmoloq Prof. Dr. Naci Görür kritik xəbərdarlıqla çıxış edib.

Prof. Görür sosial media hesabında paylaşım edərək zəlzələnin Çankırı Fay zonu üzərində baş verdiyini bildirib.

“Dağdemir-Kalecik/Ankarada 4,1 bal gücündə zəlzələ oldu. Bu təkan tərs fay xarakterli Çankırı fay zonasında meydana gəlib. Bu zona 7 bala qədər güclü zəlzələ yarada bilər. Təxminən şimal istiqamətlidir və Kırşehir massivinin qərb sərhədini təşkil edir”- deyə o bildirib.

Mütəxəssislər bu fay zonasının potensial təhlükəsinə diqqət çəkərək, bölgədə seysmik hazırlığın artırılmasının vacibliyini vurğulayırlar. Hazırda isə AFAD tərəfindən hər hansı dağıntı və ya can itkisi barədə məlumat verilməyib.

Seçilən
36
turkic.world

1Mənbələr