AZ

“Cənubi Qafqaz artıq sabitlik və əməkdaşlıq meydanıdır” – Bəhruz Quliyev – ÖZƏL

"Sentyabr ayı  Azərbaycan tarixində həm ağrıların, həm də qürurun təqvimidir. 2020-ci ilin sentyabrında başlanan 44 günlük müharibə ilə xalqımız yüzillik həsrətinə son qoydu, işğal altındakı torpaqlar azad edildi. Sonrakı illərdə aparılan antiterror tədbirləri   isə dövlətçiliyimizin tam suverenliyini təmin edərək yeni siyasi reallıq yaratdı.
Bu qələbələr yalnız hərbi meydanda deyil, diplomatik müstəvidə də Azərbaycanın mövqelərini gücləndirdi. Sentyabr hadisələri göstərdi ki, Azərbaycan öz milli maraqlarını təkbaşına müdafiə edə bilir və regionun təhlükəsizlik arxitekturasını formalaşdıran əsas aktora çevrilib". 

Bu fikirləri Olaylar.az-a açıqlamasında Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. B. Quliyev əlavə edib ki, regionda baş verən dəyişikliklər ilk növbədə balansların Azərbaycanın  xeyrinə dəyişməsi ilə xarakterizə olunur: "Ermənistanın kapitulyasiyası, separatizmin tam ləğvi və yeni kommunikasiya xətlərinin açılması Cənubi Qafqazda geosiyasi xəritəni dəyişdirib. Bu, Azərbaycanın həm iqtisadi, həm də siyasi güc mərkəzi kimi rolunu möhkəmləndirir. Azərbaycanın "qələbə diplomatiyası" isə beynəlxalq münasibətlərdə yeni imkanlar açır. Qalib dövlət statusu Azərbaycanın sözünü daha qətiyyətli və inamlı deməsinə şərait yaradır. İndi Bakı regionda əməkdaşlıq təşəbbüslərinin müəllifidir, tərəfdaşlıq layihələrinin əsas lokomotividir".

"Hesab edirəm ki, beynəlxalq güclərin Cənubi Qafqaza baxışında da əsas dəyişiklik baş verir. Belə ki, əvvəllər "münaqişə regionu" kimi qəbul edilən bu coğrafiya indi  Azərbaycanın qalib mövqeyi ilə "sabitlik və əməkdaşlıq meydanı" kimi qiymətləndirilir. Bu isə həm Avropanın enerji təhlükəsizliyi, həm də Asiya ilə inteqrasiyada Azərbaycanın əvəzsiz rolunu daha da artırır.
Qalib Azərbaycan bu gün dünyada öz haqq işini təmin etmiş, dövlət suverenliyini bərpa etmiş nümunəvi bir model kimi qəbul olunur. Qələbə yalnız torpaqların azad olunması ilə bitmədi, o, Azərbaycanın siyasi imicinə, diplomatik gücünə və beynəlxalq nüfuzuna yeni məna, məzmun qazandırdı. Ən əsası isə Azərbaycan xalqı uzun illərdən sonra Qalib Dövlətin "Qalib Xalqı" statusuna yüksəldi," - deyə, siyasi ekspert bildirib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
67
olaylar.az

1Mənbələr