AZ

TDT Müsəlman Dini İdarələri Rəhbərləri Şurasına sədrlik Azərbaycana keçib

Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarələri Rəhbərləri Şurasının 6-cı iclası keçirilib. 

Moderator.az xəbər verir ki, bu barədə Təşkilat məlumat yayıb.

Bildirilib ki, iclasa Qırğızıstan Müsəlmanları Dini İdarəsinin rəhbəri və baş müftisi Abdülaziz Zakirov ev sahibliyi edib.

Toplantıda TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Qazaxıstan Müsəlmanları Dini İdarəsinin rəhbəri, baş müftü Nauryzbay Tağanulı, Türkiyənin Diyanət İşləri başqanı Ali Erbaş və Özbəkistan Müsəlmanları Dini İdarəsinin rəhbəri Şeyx Nuriddin Xaliknazarov iştirak ediblər.

Baş katib çıxışında dialoqun inkişaf etdirilməsinin, ortaq dəyərlərin qorunmasının, İslamofobiya və radikalizmlə mübarizənin əhəmiyyətini vurğulayıb. O, həmçinin iqlim dəyişikliyi və ekoloji fəsadlar kimi müasir çağırışlarla birgə mübarizənin vacibliyini qeyd edib. Bununla yanaşı, Şuranın və Fətva Komitəsinin Türk dünyasının rifahına xidmət edən fətvalar qəbul etməklə göstərdiyi mühüm töhfələri yüksək qiymətləndirib.

İclas zamanı Şura "İslamda Ümmətin Birliyi" mövzusunda qərarla yanaşı, "İqlim dəyişikliyinin qarşısının alınması, ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli ilə bağlı beynəlxalq çağırış"ı və TDT Müsəlman Dini İdarələri Rəhbərləri Şurasının Fətva Komitəsinin qərarlarını qəbul edib.

Toplantının sonunda Şuraya sədrlik Qırğızıstan Müsəlmanları Dini İdarəsindən Azərbaycan Qafqaz Müsəlmanları İdarəsinə ötürülüb. Həmçinin Şuranın 7-ci iclasının 2026-cı ildə Azərbaycanda keçirilməsi qərara alınıb.

Seçilən
24
3
moderator.az

4Mənbələr