AZ

Tramp: “Çarli Kirkin iyrənc qətli bütün millət üçün böyük itkidir”

ABŞ prezidenti Donald Tramp tanınmış sağ-mühafizəkar fəal Çarli Kirkin qətlə yetirilməsi ilə bağlı xalqa müraciət edib. Dövlət başçısı öz çıxışını şəxsi sosial şəbəkə hesabında paylaşaraq baş verən hadisəni “iyrənc qətl” adlandırıb və bunun bütün millət üçün böyük itki olduğunu bildirib.

“Çarli milyonlarla insana ilham verirdi. Onu tanıyan və sevən hər kəs bu gün şok və dəhşət içindədir. Mən kədər və qəzəb içindəyəm. O, ölkəsini dərindən sevən və həyatını açıq debatlara həsr edən əsl vətənpərvər idi”, – Tramp qeyd edib. Prezident faciənin xatirəsinə ABŞ-da dövlət bayraqlarının endirilməsinə çağırış edib.

Rəsmi məlumatlara görə, 31 yaşlı Kirk 11 sentyabrda Yuta Vadisi Universitetində çıxış edərkən öldürülüb. Polisin açıqlamasına görə, atəş qonşu binanın damından açılıb. Şübhəli şəxs hələ də azadlıqdadır, istintaqı Federal Təhqiqatlar Bürosu aparır.

Çarli Kirk uzun illərdir respublikaçılar arasında ən tanınmış simalardan biri idi. O, 2016-cı ildə Respublikaçılar Partiyasının qurultayında çıxış etmiş, Trampın tərəfdarı kimi ictimaiyyətə tanınmışdı. Onun sosial şəbəkələrdə ümumilikdə 100 milyona yaxın izləyicisi vardı. Kirk “Charlie Kirk Show” adlı proqramı ilə də geniş auditoriya toplayırdı.

Siyasi fəal ABŞ-ın xarici siyasətində Ukraynaya hərbi dəstəyin əleyhinə çıxış edir, münaqişənin yalnız hakim dairələr və hərbi-sənaye kompleksi üçün sərfəli olduğunu bildirirdi. O, Krımın zorla qaytarılmasının mümkün olmadığını, bu bölgənin Rusiyanın bir hissəsinə çevrildiyini deyirdi.

Çarls Ceyms Kirk 1993-cü il oktyabrın 14-də İllinoys ştatının Arlinqton-Hayts şəhərində doğulub. Harper Kollecində təhsil alsa da, oranı tamamlamayıb. 2012-ci ildə biznesmen Uilyam Montqomeri ilə birlikdə “Turning Point USA” adlı təşkilat yaradıb və təşkilatın baş direktoru olub. Daha sonra o, “Turning Point Endowment” (2017), “Turning Point Action” (2019) və “Turning Point Faith” (2021) kimi qurumların əsasını qoyaraq, konservativ ideyaların ABŞ təhsil sistemində və kilsələrdə təbliği ilə məşğul olub.

2020-ci ildən radio aparıcısı kimi fəaliyyət göstərən Kirk 2025-ci ildə Tramp tərəfindən ABŞ Hərbi Hava Qüvvələri Akademiyasının İzləyici Şurasına təyin edilmişdi. Bu ilin fevralında isə o, “Trinity Broadcasting Network” telekanalı ilə gündəlik “Charlie Kirk Today” verilişini aparmaq üçün müqavilə imzalamışdı. Beş kitab müəllifi olan Kirk 2019-cu ildə Lberti Universiteti tərəfindən fəxri humanitar elmlər doktoru adına layiq görülmüşdü. Onun “YouTube” kanalının 3,83 milyon abunəçisi vardı.

Çarli Kirkin qəfil ölümü ABŞ siyasi həyatında ciddi rezonans doğurub. Mühafizəkar düşərgə onun itkisini “böyük boşluq” kimi qiymətləndirir, demokrat düşərgə isə qətl faktının ölkədə siyasi ekstremizmin artmasına dair təhlükəli siqnal olduğunu bildirir.

S.ELAY

XQ

Seçilən
4
33
xalqqazeti.az

10Mənbələr