AZ

Zəngəzur dəhlizi Türk dünyasının qovuşması, yeni siyasi, iqtisadi və mədəni xəritənin açılması deməkdir ŞƏRH

Bakı, 11 sentyabr, AZƏRTAC

Avqustun 8-də Vaşinqton şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, ABŞ Prezidenti Donald Trampın və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüş yalnız ölkəmiz üçün deyil, region üçün də böyük önəm daşıyır. İmzalanmış Birgə Bəyannamə diplomatik sənəd olmaqla yanaşı, həm də Cənubi Qafqazda yeni siyasi mərhələnin başlanğıcı, qalib Azərbaycan xalqının və tarixi ədalətin təntənəsi, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit olunmuş suverenlik və ərazi bütövlüyü prinsiplərinin təsdiqidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, bu tarixi nailiyyətin arxasında Azərbaycan dövlətinin qüdrətli lideri, Prezident İlham Əliyevin sarsılmaz iradəsi və dəmir məntiqə əsaslanan diplomatiyası dayanır: “Məhz dövlətimizin başçımızın prinsipial və uzaqgörən siyasəti nəticəsində Azərbaycan Vətən müharibəsində BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünümüdafiə hüququndan istifadə edərək tarixi ədaləti bərpa etdi. Bizim tarixi Qələbəmiz həm də BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasının təmin olunması demək idi”.

S.Salmanova bildirib ki, Vaşinqton Bəyannaməsində təsbit olunan Zəngəzur dəhlizi, sadəcə yol deyil, bu, Azərbaycanın tarixi coğrafi bütövlüyünün bərpası, Türk dünyasının qovuşması, yeni siyasi, iqtisadi və mədəni xəritənin açılmasıdır: “Bu tarixi layihənin reallığa çevrilməsi Prezident İlham Əliyevin sözünün, xalqın gücünün və dövlətin qətiyyətinin bariz nümunəsidir. Vaşinqton Bəyannaməsinin mühüm məqamlarından biri də ATƏT-in Minsk qrupunun və onun kölgəsində fəaliyyət göstərən qurumların tarix səhnəsindən silinməsidir. İllərlə Azərbaycanı aldadan, işğala bəraət qazandırmağa çalışan bu qurumun artıq mövcud olmaması Prezident İlham Əliyevin prinsipial mövqeyinin və ədalət uğrunda apardığı diplomatik mübarizəsinin parlaq qələbəsidir. Bu qərar həm də Helsinki Yekun Aktının suveren bərabərlik, sərhədlərin toxunulmazlığı və gücdən istifadənin yolverilməzliyi prinsiplərinə tam uyğundur”.

Deputat onu da vurğulayıb ki, Bəyannamənin imzalanması həm də Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin beynəlxalq səviyyədə qəbul olunması deməkdir: “Artıq Azərbaycan yalnız Cənubi Qafqazda deyil, qlobal miqyasda da etibarlı tərəfdaş kimi tanınır. Hesab edirəm ki, Vaşinqtonda imzalanmış bu tarixi sənəd Azərbaycanın yeni zəfərlər yolunun siyasi başlanğıcıdır. Bütün dünya bir daha şahid olsun ki, Azərbaycan xalqı öz lideri ilə qürur duyur, dövlətimizin başçısı İlham Əliyev isə xalqımızı yeni tarixi zirvələrə aparır”.

Seçilən
7
1
azertag.az

2Mənbələr