Şou-biznes dünyasında son vaxtlar müğənnilərin efirə çıxarkən qızıl zinət əşyalarını nümayiş etdirməsi müzakirələrə səbəb olub. Tamaşaçılar belə nümayişkarlığın düzgün olub-olmadığını, xüsusilə də iqtisadi çətinliklərin yaşandığı bir vaxtda bunun cəmiyyətə necə təsir göstərdiyini sual altına alırlar. Tamaşaçının diqqəti sənətə, yoxsa zinətə yönəlməlidir?
Tanınmış aparıcı Amil Xəlil məsələni “Yeni Sabah”a belə şərh edib:
“Təəssüf ki, belə hallar var və müğənni özü də buna şərait yaradır. Reklam arasında aparıcılara deyir ki, mən də budur, bu deyil, bundan danış. Belə söhbətləri toylardakı qiymətləri qaldırmaq üçün edirlər. Əsasən həmin müğənnilər efirdə deyirlər: “Mən 10 mindən aşağı toya getmirəm”. Elə Təranə xanım da, Musa bəy də 10-15 min manata toya gedirlər. Məqsəd isə qiymətləri qaldırmaqdır. İnsanlar da elə başa düşürlər ki, onlar həqiqətən bahalıdır. Necə ki, həkim bizə deyəndə: “Səndə heç nə yoxdur”, biz düşünürük ki, bu, yaxşı həkim deyil. Amma həkim 4-5 səhifəlik resept yazanda deyirik ki, bu, yaxşı həkimdir, vaxt ayırdı, problemi tapdı. Halbuki insanda o qədər də ciddi problem olmur. pizza mizza
Bu şəraiti müğənni özü yaradır, sonra isə aparıcılar da bilərəkdən sosial şəbəkələrdə yayırlar. Maraqlıdır ki, təhqirə də yol açılır və bu, bəziləri üçün reytinq hesab olunur. Açıq desəm, bəziləri üçün təhqir reytinq deməkdir. Qoy insanlar yazsın, müzakirə etsin, qıcıqlansın – bu da onların baxılması, oxunması deməkdir. Halbuki o ziynət və qızıl əşyalarını qazandıran xalqın özüdür. Dəfələrlə belə hallar olub, siz özünüz də şahid olmusunuz. Efirdə deyirlər ki, heç kimə dəxli yoxdur. Halbuki “heç kim” dedikləri elə tamaşaçının özüdür. Axı tamaşaçılar onları bu yerə gətirib. Necə olur ki, tamaşaçını təhqir edirlər?”
Müsahibimiz deyib ki, tamaşaçı da qəribədir, onu təhqir edən müğənniyə yenə də baxır, onu toya dəvət edir:
“Əgər tamaşaçılar birləşsəydilər, deyərdilər ki, kifayət qədər müğənni var, niyə bizi təhqir edənləri dəvət edək? Azmı qazilərimizi, şəhid ailələrimizi təhqir edənlər olub? Çıxıb üzr istəyirlər, azacıq da pul xərcləyirlər bəzi yerlərə, sonra məsələ unudulur. Bizim ən böyük problemimiz unutqanlıqdır. Bu, yalnız şou-biznesə aid deyil. Biz türk milləti olaraq çox unutqanıq. Elə bil ki, üç gün əvvəl baş verən hadisə sanki olmayıb.
Əvvəllər müğənnilər evlərini, yataq otaqlarını, hətta alt paltarlarını belə aparıcılara çəkdirirdilər. Halbuki həmin verilişlər canlı yayım deyildi, istəsəydilər, kəsdirə bilərdilər. İstəsəydilər, deyərdilər: “Mənim otağımı, paltarımı göstərməyə ixtiyarınız yoxdur”. Amma etmirdilər. Çünki tamaşaçı televiziya mətbəxini bilmir, elə güman edir ki, hər şey canlıdır. Əslində isə müğənni istəsə, həmin yerlər efirə getməzdi. Canlı yayımlarda qızıl və ziynət məsələləri də öncədən planlaşdırılır. Müğənni deyə bilər ki, “bu barədə danışma”, hətta montajda kəsdirə bilər. Amma demirlər, çünki zəngin görünmək istəyirlər.
Həmin müğənnilər efirdə ər-arvad davaları ilə gündəmə gəlirlər, amma sonra elə abır-həya dərsi keçirlər ki, adam təəccüblənir. Əvvəllər gündəmə gəlmək üçün “filankəs həci mənə qızıl aldı” deyənlər indi belə sözü eşidəndə adamı məhkəməyə verirlər. Amma reallıq budur ki, doğrudan da alıblar. Hətta elə hallar olub ki, məscidlərdən yığılan pullarla müğənnilərə qızıl göndərilib”.
Aytac Əliyeva
Telegram kanalımız