Bu gün Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bəzi qeyri-hökumət təşkilatlarının qanunsuz şəkildə saxta orden və medallar təsis etməsi və təqdim etməsi ilə bağlı yaydığı birgə bəyanat bir daha göstərir ki, “dəmir-dümür” alverçiləri hələ də öz peşəsindən əl çəkməyiblər.
Bu fikirləri “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə açıqlamasında bildirib.
“Biz dəfələrlə mətbuat vasitəsilə bəyan etmişik ki, bəzi qeyri-hökumət təşkilatlarının orden və medallar təsis etməsi və onları təqdim etməsi həm hüquqi, həm də ictimai baxımdan doğru deyil və cəmiyyətdə çaşqınlıq yaradır. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanun 1992-ci ildə qəbul olunub. O dövrdə orden və medalların təsis edilməsi ilə bağlı qadağa yox idi. Lakin 2010-cu ildə həmin qanuna əlavə edilən üçüncü maddə bu məsələni mövcud qanunvericiliyə uyğunlaşdırdı. 2010-cu ildən əvvəl qeydiyyatdan keçən bəzi QHT-lərin nizamnaməsində orden və medal təsis etmək barədə müddəalar mövcuddur. Bəzi təşkilatlar məhz həmin müddəaya əsaslanaraq müxtəlif orden və medallar təsis ediblər. Ancaq Azərbaycan qanunvericiliyi istənilən təşkilatın daxili nizamnaməsindən üstün sayılır və hər bir təşkilat öz sənədlərini milli qanunvericiliyə uyğunlaşdırmalıdır. Hər hansı QHT-nin nizamnaməsi ona belə hüquq vermir”, – deyə C.Hüseynzadə vurğulayıb.
O qeyd edib ki, bəzi QHT-lərin müxtəlif adlar altında orden və medallar təsis etməsi və xüsusi adlardan istifadə etməsi cəmiyyətdə yanlış təəssürat yaradır:
“Bir çoxları elə düşünür ki, həmin orden və medallar dövlət tərəfindən verilir. Bəzən isə bu təltiflərin müəyyən maliyyə qarşılığında təqdim edildiyi haqda məlumatlar yayılır. Hətta bəzi hallarda dövlət başçısının fotosundan və rəsmi simvollardan istifadə olunur. Müharibədən sonra bir sıra təşkilatlar Vətən müharibəsi iştirakçılarını, hətta döyüşdə iştirak etməyənləri belə müxtəlif medallarla təltif ediblər. Halbuki QHT-lərin belə halları yoxlamaq üçün nə hüquqi imkanı, nə də resursu var. Bu, təbii olaraq narazılıq və inciklik yaradır, cəmiyyətdə qıcıq doğurur”.
Cəsarət Hüseynzadə əlavə edib ki, bəzi QHT-lərin adlarının qarşısında “Azərbaycan Respublikası” ifadəsini işlətməsi də özlərini dövlət qurumu kimi təqdim etmək niyyətindən xəbər verir:
“Belə halların arxasında çox zaman neqativ məqamlar dayanır. Hesab edirəm ki, artıq bu cür “özfəaliyyət”lərin sonu çatıb və həmin QHT-lərin bu məsuliyyətsiz davranışının qarşısı alınmaldır”.