AZ

Yusif Məmmədovun şok fırıldağı – İnsanları belə aldadır – DİQQƏT!

Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da asan yolla pul qazanmaq istəyənlər var. Bu istəyin üzərindən isə fırıldaqçılar faydalanır: “pendir” göstərib qurbanı “tələ”yə salmaq…

Elanlarda bahalı evləri, maşınları ucuz görüb, tez beh göndərib qabağa düşdüyünü düşünən, pulu göndərdiyi şəxs tərəfindən blok edildiyini görəndən sonra geri düşdüyünü anlayanların diqqətinə… Sizi aldatmağa çalışan yeni şəxs peyda olub, əlində də pendir var…

“TikTok”da “Pula ehtiyacım var idi, Yusifin sayəsində qazandım” kimi videolar yayılır. Hamısı azərbaycanlı istifadəçilərdir və reklamla dəstəklənir. Videolarda şərhlər bağlıdır, yükləmək mümkün deyil, yalnız link vasitəsilə “Yusif Məmmədov” adlı şəxsin “Telegram” kanalına keçid təklif olunur.

Reklamlardan şübhələnib biz də keçid etdik və yusif adlı şəxslə yazışdıq. Kanalda o, özünü “birjada maliyyənin etibarlı idarəsi ilə məşğul olan treyder” kimi təqdim edir. Guya insanlar depozit yatırır, o isə komandası ilə birgə birjada ticarət edir və qazancı 85/15 nisbətində bölüşdürür. Lakin təqdim etdiyi bütün “uğurlu əməliyyatların” saxta olduğu göz önündədir. Ekran görüntülərindəki yazışmalar eyni üslubda aparılıb, sübut kimi göstərilən məlumatların isə doğruluğunu təsdiqləyən heç bir fakt yoxdur.

Qurbanlarını aldatmaq üçün o, özünü bahalı həyat tərzi sürən şəxs kimi göstərir. Paylaşımlarında “Apple” cihazları, dəbdəbəli kompüterlər, Dubayda yaşadığını sübut etməyə çalışan fotolar diqqət çəkir. Təqdim etdiyi sertifikatlar da sadəcə hər kəsin qısa təlimlə əldə edə biləcəyi sənədlərdir.

Ən çox diqqət çəkən məqamlardan biri isə “Leo Bank” kartından paylaşdığı çıxarışdır. Orada guya bir gündə 62 min manat köçürmə edildiyi görünür. Halbuki bankın limitləri tam fərqlidir: adi kartlarda ay ərzində maksimum 25 min manat, VİP kartlarda isə 35 min manat köçürməyə icazə verilir. Bankla dəqiqləşdirildikdə məlum olur ki, biznes hesabdan kartdan karta ödəniş etmək ümumiyyətlə mümkün deyil. Bu fakt onun təqdim etdiyi sənədin saxta olduğunu açıq şəkildə göstərir.

Suallar qarşısında Məmmədov müxtəlif bəhanələr gətirir. “Depozitləriniz sığortalanır” deyə iddia edir, amma necə sığortalandığını izah edə bilmir. Rəsmi sənəd təqdim etmir, sadəcə “şəxsən mənim tərəfimdən” sözünü işlədir. Hansı hüquqi statusla? Hər hansı banka və ya sığorta təşkilatına bağlı olmadan belə bir vədin verilməsi sadəcə boş sözlərdən ibarətdir.

Güvən yaratmaq üçün şəxsiyyət vəsiqəsini də göndərir. Lakin bu da heç nəyi sübut etmir. Saxta bank çıxarışı hazırlayan birisinin saxta sənəd düzəltməsi də çətin deyil.

Nəticə etibarilə, Yusif Məmmədovun fəaliyyəti klassik fırıldaq sxemidir. Saxta sənədlər, yalançı zənginlik görüntüləri, qeyri-mümkün bank əməliyyatları və əsassız sığorta vədləri ilə sadəlövh insanları tora salmağa çalışır.

Yusif artıq yüzlərlə insanı aldadıb. Məqalə hazırlanarkən onların bir neçəsi ilə danışdıq və maraqlı məqamlar üzə çıxdı. Məlum oldu ki, “Mən Yusifin sayəsində qazandım” kimi yayılan videolarda görünən şəxslərin əksəriyyəti də onun qurbanlarıdır.

Sxem belə işləyir: əvvəlcə onlardan pul alır, bir müddət sonra “qazandınız” deyərək minnətdarlıq mesajları yazdırır. Lakin vəsaiti geri qaytarmır. Ardınca həmin insanlara bildirir ki, “video çəkin, deyin ki qazandınız”. Onlar da ümidlə bunu edirlər. Sonra isə həmin şəxsləri bloka atır, çəkilən videoları isə reklamla daha çox insanın qarşısına çıxarır. Qeyd edək ki, o, xüsusilə xanımlardan belə videolar çəkməyi xahiş edir.

Aldadılanlardan biri başına gələnləri belə izah edir:

“Bu adam guya kriptovalyuta vasitəsilə qazanc təklif edir. Əvvəlcə minimum 100 manat depozit istəyir. Sonra deyir ki, qazancın 15%-i onundur, 85%-i isə yatırım edənindir. Kartına pul köçürəndən sonra şəkillər atır ki, guya 15-20 dəqiqəyə qazanc əldə olunub. Ardınca yekun məbləği göstərir və bildirir ki, bu hissə mənim, qalanı sizindir. Hətta yalandan az miqdarda pul göndərir ki, inandırıcı olsun. Daha sonra ‘vergi qanunu’ adı ilə sənəd paylaşır və bildirir ki, kartınıza ödəniş keçməsi üçün əvvəlcədən vergi ödənməlidir. Əvvəlcədən bu barədə heç nə demir, yalnız sonda ortaya çıxarır. Etibar qazanmaq üçün şəxsiyyət vəsiqəsinin surətini və bir neçə sertifikat göndərir. Vergini ödəyəndən sonra isə deyir ki, ‘kart məlumatlarınızı sistemə qeyd etmişəm, öz haqqımı ayıra bilmirəm, mənim haqqımı ayrıca göndərin, sonra ödənişi tam şəkildə alacaqsınız’. Sən də deyirsən ki, əvvəlcə pulu göndər, sonra haqqını verim. O isə cavab verir ki, ‘qaydalar belə deyil’. Bu yolla hər dəfə yeni bəhanə ilə əlavə pul alır, sonda isə insanı bloka atır”.

Fırıldaqçının daha çox pul almaq üsulu belədir – əvvəlcə ilkin depoziti alır, sonra guya qazanılan məbləği göndərməsi üçün vergi adı ilə 400, 500 manat alır, sonra öz komissiyasını istəyir və beləcə qurbanından daha çox məbləğ alaraq sonda blok edir.Musavat.com

image-2 image-4 image-5 image-6 image-7 image-8 image-9 image-10 image-11

Seçilən
50
2
moderator.az

3Mənbələr