AZ

Ödənilməyən vəsait üçün vergi tələb olunarsa, sahibkar nə etməlidir? Anar Bayramovdan açıqlama

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda özəl sektorun inkişafı istiqamətində mütəmadi olaraq addımlar atılır. Lakin sahibkarlar üçün bəzi problemlər hələ də qalır.

Son zamanlarda sahibkarların ən çox üzləşdiyi problemlərdən biri isə sifarişçi tərəfin ödənişləri gecikdirməsidir. Belə ki, bir çox hallarda işi icra edən tərəf müqaviləyə uyğun olaraq, üzərinə düşən öhdəlikləri yerinə yetirir, tələb olunan işi reallaşdırır. Lakin sifarişçi tərəfindən pulun ödənişi bəzən aylarla uzanır.

Belə vəziyyətdə təbii ki, vergi öhdəliyini reallaşdırmaq tələb olunur. Qanuna əsasən, ödəniş əməliyyatı baş verən andan vergi hesablanır və sahibkar onu vaxtında ödəməlidir. Ona görə də kassaya pul gəlməsə də, vergi dərhal tələb olunur. Sahibkar da məcbur olub hələ əldə etmədiyi vəsaitə görə vergi ödəyir. Bu, sahibkarın maliyyə sabitliyinə ciddi təsir edir. Belə ki, nağd pul dövriyyəsi pozulur, digər öhdəlikləri yerinə yetirmək çətinləşir və işçilərin maaş fondu, gündəlik xərclər təhlükə altına düşür.

Bəs sahibkarlar üçün bu vəziyyətdən çıxış yolu nədir?

Suala iqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycanın fəxri auditoru Anar Bayramov aydınlıq gətirib. O, “Qafqazinfo”ya açıqlamasında bildirib ki, belə vəziyyətdən müvafiq çıxış yolu var: “Belə ki, vergi qanunvericiliyi bu məsələdə sahibkarlara müəyyən imkanlar təqdim edir. Vergi Məcəlləsinin 85-ci maddəsinə görə, vergi ödəyicisi vergi orqanına müraciət etməklə borcun təxirə salınmasını və hissələrə bölünməsini tələb edə bilər. Nəzərə alaq ki, vergi öhdəliklərinin yerinə yetirilməsi müddətləri müəyyən hallarda dəyişdirilə bilər.

Bu hallar hansılardır?

1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sifarişlərinin yerinə yetirilməsi ilə əlaqədar olaraq sifarişçinin borclu olduğunu təsdiq edən arayış təqdim edildikdə;

2. Vergi ödəyicisi tərəfindən yalnız mövsümi xarakterli malların təqdim edilməsi, işlər görülməsi və ya xidmətlər göstərilməsi həyata keçirildikdə;

3. Təbii fəlakət, təhlükə potensiallı obyektlərdə baş verənlər nəticəsində vergi ödəyicisinə zərər dəydikdə;

4. Vergi borcunu birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflasa uğramaq təhlükəsi olduqda və ya vergi ödəyicisinin vergi borcunu birdəfəyə ödəmə qabiliyyəti olmadıqda.

Bütün bunlar nəzərə alınaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddəti sahibkarların seçimindən asılı olaraq uzadıla bilər. Məsələn, sahibkara 6 aydan çox olmayan müddətə möhlət verilə bilər. Eləcə də vergi orqanı ilə vergi ödəyicisi arasında razılaşdırılmış ödəniş qrafikinə əsasən 1 ildən çox olmayan müddətə möhlət hüququ tanınar. Bu mexanizm sahibkara birdəfəlik ödəmək əvəzinə, qrafik üzrə hissə-hissə ödəməyə şərait yaradır. Nəticədə, sahibkarın maliyyə sıxıntısı aradan qaldırılır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
2
qafqazinfo.az

3Mənbələr